
Elşən MƏMMƏDOV
Bir satıcı tanıyıram. Gedib geyim mağazasında nəyi əyninə geyinsən, başlayır ki, əla yaraşdı, əyninə super oturdu və s.
Müşahidə etmişəm, kimliyindən asılı olmayaraq, hamıya belə deyir. Təki malı işə getsin.
Bir gün dedim ki, doğrudanmı sizdə yaraşmayan, əyinə oturmayan geyim yoxdur? Necə oldu, hamısı yarıyanından oldu?
Duruxub, baxdı-baxdı, heç nə demədi.
Bundan sonra başqa bir paltarı geyinib güzgünün qarşısında durdum, bir az da gözlədim görək nə deyəcək?
Gördü bundan reaksiya gözləyirəm, dilə gəldi: "Daha mən nə deyim, özün görürsən də..."
Bizim milli komanda da belədir. Gələn-gedən 3-4 qol vurur, adətkardadırlar. Nə qədər yazırsan, nə xeyri?
İndi də Haiti 3-nü vurdu.
Fərq ondadır ki, təriflənəsi bir şeyi yoxdur. Hətta o satıcı kimi müəyyən maraqlar xatirinə tərifləməyə cəhd edənlər də yoxdur, uzağı, bundan da betər uduzsa belə, göz yumanlar, qaşlarını, tüklərini tərpətməyənlər var.
Səbəb də onu deyirlər ki, əvvəlki AFFA rəhbərliyi futbolu viran günə qoyub, gəlin, bunlara vaxt verək, köhnə zir-zibilləri təmizləsinlər.
Amma vaxt gözləmir. Sabah bunlar Fransa, Ukrayna, lap elə İslandiya qarşısına hansı üzlə çıxacaqlar? Yeni rəhbərliyin gələn ay bir ili tamamlanacaq. Bu müddətdə millinin nəticələrində nə dəyişib ki? Əksinə, gətirdikləri Azərbaycan millisi tarixinin ən yaşlı baş məşqçisinin dövründə biabırçı məğlubiyyətlər bir-birin iəvəzləməyə başlayıb.
Hələlik bu qədər...
Daha mən nə deyim? Özünüz görürsünüz də...