
İspaniyanın "Barselona" klubu əfsanəvi futbolçusu Lionel Messini 2026-cı il dünya çempionatından sonra geri qaytarmaq niyyətindədir.
Sportnet.az "TEAMtalk"a istinadən xəbər verir ki, Kataloniya təmsilçisi yenidən tikilən "Kamp Nou" stadionu üçün 2026/2027 mövsümü öncəsi təntənəli açılış etmək istəyir.
Klub rəhbərliyi məhz bu münasibətlə Messini qaytarmaq arzusundadır. Bu, baş versə, argentinalı hücumçu karyerasını məhz "Barselona"da başa vura bilər.
Hazırda klub ev oyunlarını "Olimpik Lüis Kompanis" stadionunda qəbul edir. "Kamp Nou"da rəsmi oyunların cari mövsümün sonunda keçirilməsi planlaşdırılır. Lakin "Barsa" tarixi arenasına bu il qayıtsa belə, tribunaları məhdud tutuma və ya maksimum 60 min tamaşaçıya malik olacaq.
Tikinti 2026/2027 mövsümünün startınadək tam başa çatdırılacaq. Məhz həmin vaxt klub Messini təqdim edəcəyinə ümidlidir.
Xatırladaq ki, Lionel Messi "Barselona"da 2003 - 2021-ci illərdə çıxış edib. O, Kataloniya komandasının heyətində 6 dəfə "Qızıl top", 4 dəfə Çempionlar Liqası, 10 dəfə İspaniya çempionluğu, 7 dəfə ölkə kuboku, 8 dəfə Superkubok, 3 dəfə klublararası dünya çempionluğu və eyni sayda UEFA Super Kuboku qazanıb.