
"9 ay işlədikdən sonra bir ailə qurmuşuq. Biz hakimlər ailəsi olmuşuq. Vacib qərarlar qəbul etmişik".
Teleqraf xəbər verir ki, bunu AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker qurumun Hesabat Konfransında çıxışı zamanı deyib.
Belçikalı funksioner hamı kimi hakimlərin də səhvlərə yol verdiklərini bildirib: "Bəli, hakimlərin səhvləri olur. Biz insanıq, kompüter deyilik, pleysteyşn oynamırıq. Dünyada futbol cameəsi hakimlərin səhvlərini qəbul etmir. Lakin bu, yanlış yanaşmadır.
Hər həftə stadionlarda hakimlərin səhvlərini görürsünüz".De Bleker UEFA və FIFA-nın tədbirlərindən yenicə qayıtdığını açıqlayıb: "Orada müxtəlif müzakirələr aparmışıq, görüşlər keçirmişik. Çətin qərarı vermək elə də asan olmur.
Səhvlərimiz üzərində öyrənməliyik. Mənim də səhvlərim olub. Lakin hər kəs mənə inanıb. Beynəlxalq miqyaslı xeyli oyun idarə etmişəm. Yüksək səviyyəli oyunlara baxırsınızsa, hakimlərin şəxsiyyət və menecer olduqlarını görürsünüz. Daha yaxşı fəaliyyət göstərmək üçün əlimizdən gələni edirik. Fəxr edirəm ki, Azərbaycan futbol ailəsinin bir üzvüyəm".
O, cari mövsümdən hakimlərin kapitanlarla danışmağa başladığını diqqətə çatdırıb. Sədr emosiyaları nəzarətdə saxlamağın gərəkliliyini vurğulayıb: "Məşqçilər hakimlərə hörmətlə yanaşmalıdırlar".