
“Bu komanda ilə oyunlarımız həmişə maraqlı, gərgin və yüksək motivasiyalı olur. Derbidir, buna görə azarkeşlər də izləməyə daha həvəsli idilər”.
Sportnet.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Musa Qurbanlı Azərbaycan Premyer Liqasının XXXI turunda evdə “Neftçi”ni 3:0 hesabı ilə məğlub etdikləri oyundan sonra Teleqraf-a açıqlamasında deyib.
23 yaşlı hücumçu azarkeşlərin maraqlı qarşılaşmaya tamaşa etdiklərini bildirib: “Bu oyun bizim üçün vacib idi. Kifayət qədər qol vəziyyətləri, çoxlu hücumlar oldu. Düşünürəm ki, azarkeşlər üçün də baxımlı oyun oldu. 3 qol vurub qələbə qazandığımız üçün də sevincliyik.
Çempion olmaq həmişə xoşdur, ölkədə ən böyük nailiyyətdir. Biz də çempionluq üçün mübarizə aparır, hər oyuna bunun üçün çıxırıq. Çempionluq hər zaman sevindiricidir”.
Qurbanlı aprelin 23-də Tofiq Bəhramov adına Respublika stadionunda "Araz-Naxçıvan"a qarşı keçirəcəkləri Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab görüşünə ciddi hazırlaşacaqlarını qeyd edib: “Bu cəbhədə də titul qazanmaq üçün oynayırıq. Hədəfimiz kuboku qazanmaqdır. İlk oyunda 0:1 hesabı ilə məğlub olmuşuq. Çalışacağıq ki, bu durumdan çıxaraq finala vəsiqə qazanaq. Əlimizdən gələni edəcəyik ki, mövsümü iki titulla bitirək”.
“Qarabağ”ın forvardı ötən mövsüm çıxış etdiyi İsveçin “Yurqorden” komandasının UEFA Konfrans Liqasının yarımfinalına vəsiqə qazanmasına da münasibətini bildirib: “Açığı, “kaş” orada qalardım” deyə düşünmürəm. Oldu, keçdi. Qismət belə imiş.
Bu komandanın potensialı vardı. Əvvəlki mövsümlərdə də UEFA Konfrans Liqasının 1/4 final mərhələsinə qədər yüksəliblər. Ona görə o potensialları var idi. Sabiq komanda yoldaşlarımdan bəziləri ilə münasibətim var, mütəmədi əlaqə saxlayırıq. Onları təbrik etdim”.
Qeyd edək ki, “Qarabağ” - "Araz-Naxçıvan” qarşılaşması saat 17:00-da start götürəcək.