
"Futbolçular klublarında bu problemi aradan qaldırmağa çalışmalıdırlar".
Sportnet.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bunu 17 yaşadək futbolçulardan ibarət (2009-cu il təvəllüd) Azərbaycan milli komandasının baş məşqçisi Aqil Nəbiyev Moldovanın paytaxtı Kişineuda təşkil olunan UEFA İnkişaf Turnirindəki çıxışı dəyərləndirərkən deyib.
Baş məşqçi ilk olaraq Estoniya yığmasına qarşı keçirilən son matçla (1:2) bağlı fikirlərini bildirib: “Estoniya ilə oyunda gözləntimiz qələbə idi. Ancaq UEFA İnkişaf Turnirində heyətdəki 20 futbolçunun hamısına minimum 90 dəqiqə şans vermək məcburiyyətində idik. Bu səbəbdən, ilk iki matçda az oyun dəqiqəsi əldə edən uşaqlara şans verdik. Ümumilikdə üstünlük öz tərəfimizdə idi. Təəssüf ki, fərdi səhvlərdən iki top buraxdıq. Əlimizə düşən saysız-hesabsız fürsətləri isə qolla tamamlaya bilmədik".
Onun sözlərinə görə, fərqlənə bilməmələri oyunçuların fərdi keyfiyyətlərindəki və texniki bacarıqlarındakı çatışmazlıqdan qaynaqlanır: "Problemləri aradan qaldırmaqdan ötrü zamana ehtiyac var. Ancaq milli komandada bunların üzərində çalışmaq üçün vaxtımız olmur. Millidə işimiz sırf taktiki gedişlər üzərində qurulur".
Aqil Nəbiyev U-17-nin inkişafda olduğunu vurğulayıb: “Bu, bizim ikinci toplanışımız idi. Əvvəlki hazırlıqla budəfəki toplanış arasında böyük fərq hiss etdik. Uşaqlarda inkişaf var. İnanıram ki, bu futbolçularla daha yaxşı nəticələr əldə edə bilərik. Gürcüstanla oyun komandanın potensialının olduğunu göstərdi. Sadəcə, uşaqlar beynəlxalq oyun təcrübəsinin azlığından əziyyət çəkirlər. Ümid edirəm ki, seçmə mərhələ matçlarına qədər hər şey yaxşılığa doğru gedəcək”.
Qeyd edək ki, U-17 UEFA İnkişaf Turnirində Moldova (0:1), Gürcüstan (1:0) və Estoniyanın (1:2) müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.