
Fransa Liqa 1-də XXX turun "Sent-Etyen" - "Lion" oyununda köməkçi hakimə yad əşya atan şəxs stadionun çıxışında saxlanılaraq polis nəzarətinə götürülüb.
Sportnet.az xəbər verir ki, bu barədə "Sent-Etyen” klubu sosial şəbəkə hesabında məlumat yayıb.
Klub baş hakimin köməkçisi Mehdi Rəhmuninin birinci hissədə baş nahiyəsinə tribunadan yad əşya atmaqda şübhəli bilinən şəxsin ən sərt şəkildə cəzalandırılmasını tələb edir.
Qeyd edək ki, görüşün 45-ci dəqiqəsində baş hakim Fransua Leteksye hadisə səbəbilə hər iki komandanı paltardəyişmə otağına göndərib və matç bir müddətdən sonra qaldığı yerdən bərpa olunub. Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.