
“Ehtiyac duyulan futbolçulara vacib matçdan öncə istirahət vermək lazım deyil".
Sportnet.az xəbər verir ki bu sözləri teleqraf-a açıqlamasında Azərbaycan millisinin sabiq məşqçisi, veteran futbolçu Ağasəlim Mircavadov "Sabah" və "Neftçi" arasında keçiriləcək Azərbaycan Kubokunun yarımfinal mərhələsindən öncə baş məşqçilər Vasili Berezutski ilə Samir Abasovun verdikləri fərqli açıqlamalara münasibət bildirərkən deyib.
Berezutski yarımfinal matçından əvvəl "Səbail"ə qarşı Azərbaycan Premyer Liqasının XXXI tur matçında bir çox əsas heyət futbolçusunu kuboku düşünərək, əvəzlədiyini bildirib. Abasov isə əksinə, "Sabah"a qarşı oynatmağı nəzərdə tutduğu futbolçulara "Qarabağ" kimi çətin rəqiblə çempionat matçında da şans verdiyini, bunu təcrübə toplamaları məqsədilə etdiyini açıqlayıb.
Mircavadov isə hesab edir ki, kubok oyunu öncəsi futbolçuları heç olmasa, yarım saat meydanda saxlamaq lazımdır ki, orqanizmi o ritmə öyrəşsin: "Biri var, həftədə bir dəfə, biri də var, iki dəfə oynayasan. Ona görə orqanizm o iki dəfəyə oynayaraq öyrəşməlidir. 50 ildən çox təcrübəm var, işlədiyim müddətdə çalışmışam ki, istədiyim futbolçular hazır vəziyyətdə olsunlar. O da oyundan aslıdır. Motivasiya, psixologiya oyundadır. 30 yox, 50 dəqiqə də oynada bilərsən, onun fərqi yoxdur. Amma istədiyin futbolçu mütləq balansda olmalıdır.
Hər bir baş məşqçinin öz seçimi var, amma oynaması nəticə baxımından daha yaxşıdır”.
Qeyd edək ki, “Bank Respublika Arena”da keçiriləcək "Sabah" - "Neftçi" görüşü saat 20:00-da start götürəcək.