
"Rəqibi çempionluq münasibəti ilə təbrik edirəm. Məncə, illərdir onlara "döyüş verən" komandalar yoxdur. Amma inanıram ki, gələcəkdə komandaların həm büdcəsi qalxar, həm də inkişaf edərlər və yaxşı mübarizələr görərik".
Sportnet.az xəbər verir ki, bunu “Kəpəz”in baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının XXXV turunda səfərdə “Qarabağ"a 0:3 hesabı ilə məğlub olduqları görüşdən sonra mətbuat konfransında deyib.
41 yaşlı mütəxəssis görüşün maraqlı keçdiyini bildirib: "İkinci hissədə çatdıra bilmədik. Çünki ehtiyat heyətimiz kasaddır. Məncə, bunların hamısı aradan qaldırmaq lazımdır".
O, yeni mövsümlə bağlı planlardan danışıb: "Hər şey yaxşıdır. 3-4-cü dövrədən komandanın oyununda irəliləyiş var. Məncə, bu gün də "Kəpəz" birinci hissədə yaxşı oynadı. Axırıncı oyundan sonra birlikdə bəzi məsələləri həll edəcəyik".
Bağırov komandadan bəzi futbolçuların göndəriləcəyini açıqlayıb: "Ümumilikdə bəzi futbolçular barədə artıq fikrimiz var. Tək bu oyun heç nəyi dəyişmir. Çünki bunadək nə qədər oyun keçirmişik. Kim nəyi bacarırsa, bunu bilirik. Bizimlə davam edəcək futbolçular var. Sonuncu tur qalıb. Futbolçular bizimlədir, bizimdir".
O, qarşılaşmanın baş hakimi Rəvan Həmzəzadə barədə söz açıb: "VAR-a gedəndə müsbət qərar rəqib tərəfə verilir. Bizdə əksinə oldu. Yəqin ki, hakimlərin bildiyi nə isə var. Rəvan Həmzəzadə güclü hakimlərimizdən biridir. Üçüncü dəfədir ki, "Qarabağ"la oyunumuza təyinat alır. Tovuzdakı 0:5 hesablı məğlubiyyətimizdə də Rəvan idi. Sağ olsunlar. 34 milyonluq "Qarabağ"a qarşı 3 milyonluq "Kəpəz" oynayanda simpatiyanı bu tərəfə etmək olar. Bizdə nədənsə, zəiflərə qarşı antipatiya var. Başa düşmürsən ki, nəyə görə belə olur? Həyatda həmişə zəifin tərəfində oluruq. Güclünün tərəfində olmağa nə var ki? Doğru deyil əslində. Yəqin ki, bildikləri nələrsə var. Hakimlikdən danışmayacam".
Baş məşqçi son turda "Turan Tovuz"la qarşılaşacaqları oyunu şərh edib: "Bu gün də heç kimi yoxlamaq istəmirdik. Qapıçı və Yeqor Xvalko sarı vərəqə limitində idi. Hər oyun bizim üçün çox vacibdir. Soyunub-geyinmə otağında futbolçulara həmişə deyirəm ki, "bir futbolçunun həyatında oyun, yaddaşa yazıla bilər, yaxşı ya pis. Kaş onu edərdim, bunu edərdim deməmək üçün meydanda mübarizə aparmaq lazımdır". Bütün oyunlara necə çıxmışıqsa bu da elə olacaq. "Turan Tovuz"la oyun derbidir, azarkeşlərimiz üçün oynayacağıq. Tovuzda futbolu da, sağ olsunlar, bizi də sevirlər".
Azər Bağırov növbəti mövsüm ləğv olunacaq legioner limiti ilə bağlı bunu deyib: "İlk oturuşdan rəhbərliyə bildirmişəm ki, yerli futbolçular bizə çox vacibdir. Çünki yerli futbolçu tək klubun yox, yerli futbolun inkişafıdır. Onlar olmayacaqsa, milli komandadan əsər-əlamət qalmayacaq. Kim deyirsə ki, legioner limitinə görə yerli futbolçular itəcək, mən əksini düşünürəm. Məncə, yaxşı futbolçular üzə çıxacaq".