
Azərbaycan milli komandasının Latviya və Macarıstanla yoldaşlıq görüşlərinə 5 futbolçu zədə üzündən dəvət almayıb.
Sportnet.az xəbər verir ki, bu barədə yığmanın baş məşqçisi Fernandu Santuş keçirdiyi mətbuat konfransında bildirib.
"Kimləri istəyirdimsə, onları dəvət etmişəm. Amma bəzi futbolçular var ki, onları da çağırmaq istərdim. Bunlar Amin Seydiyev, Aleksey İsayev, Coşqun Diniyev, Anton Krivotsyuk və Emil Mustafayevdir.
Əvvəlki toplanışda Ramil Diniyev və Ozan Can Kökçü də dəvət almışdı. Lakin onlar son oyunlarda klublarında mütəmadi çıxış etmirlər. Ona görə də bu dəfə çağırılmayıblar. Oynamayan futbolçu toplanışa çağırılmayacaq.
Gələcəkdə mütəmadi oynasalar, millinin qapıları yenə onların üzünə açıqdır", - deyə portuqaliyalı mütəxəssis vurğulayıb.