
"Çempionatdakı ən ciddi rəqiblərimizdən birini mübarizədən kənarlaşdırdıq".
Sportnet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan millisinin kapitanı Elvin Əlizadə Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında Rumıniyaya qalib gəldikləri 1/8 final oyunundan sonra deyib.
Onun sözlərinə görə, son dünya çempionu həqiqətən də çox yaxşı komanda olduğunu göstərdiyi nəticələrlə dəfələrlə sübut edib.
Əlizadə penalti zərbəsini yerinə yetirərkən keçirdiyi hissləri anlatıb: "Həmin vaxt əsəb və stresdən doğan gərginlik var idi. İlk zərbəni boş vurdum, amma rəqib qapıçı zərbə zamanı irəli çıxdığı üçün penalti təkrarlandı. Mən də özümə gəldim və səhvimi düzəldərək, dəqiq yerinə yetirdik. Sevinirik ki, qələbə qazandıq. İlboyu çox əziyyət çəkmişik.
Məşq proseslərimizdə dəhşətli əziyyətlərimiz olub. Həqiqətən də heç bir əziyyət yerdə qalmır. Hələlik bunun nəticəsini görürük. Ardı gəlsin".
Kapitan bundan sonra ən ciddi rəqib kimi İngiltərəni yox, Serbiyanı gördüyünü diqqətə çatdırıb: "İngiltərə minifutbolda təzədir. İnanıram ki, güc sarıdan İngiltərə Rumıniya kimi ağır komanda deyil. Əzmkarlıq göstərərək, onların da üzərində qələbə qazanarıq.
Futbolda hər şey olur, amma bizim gücümüzdə deyillər. Mənim üçün ən ciddi rəqib Serbiyadır. Şəxsi fikrimcə, onlar Rumıniyadan da səviyyəli komandadır. Qələbələrlə davam etsək, onlarla yalnız finalda qarşılaşa bilərik. İnanıram ki, finala çıxacağıq".