
"Dünya çempionlarına qarşı oynayırdıq. Bu günə kimi komandamız əzm nümayiş etdirdiyi və yaxşı gəldiyi üçün inanımız var idi".
Bunu Sportnet.az-a Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov Azərbaycan milli komandasının dünya çempionatının 1/8 final mərhələsində Rumıniyanı (1:1, penaltilərdə 2:1) məğlub etdiyi görüşü şərh edərkən deyib.
41 yaşlı funksioner tarixi hesabla qələbə qazandıqlarını söyləyib: "Oyundan qabaq rəqibin dünya çempionu olduğunu düşünməməyin və sakit olmağın lazım olduğunu dedim. Onlar güclü idi amma biz də geri qalmırdıq. Birinci hissədə bir az gərginlik var idi.
İkinci hissədə komanda özünə gəldi. Xüsusi ilə penaltilər seriyasında özünəinam yaranmışdı. Tarixi hesabla qələbə qazandıq. İrəlidə bizi ciddi uğur gözləyir. 1/4 finalda asan rəqib olmadığı üçün çətin olacaq. Doğma azarkeşlər önündə oynadığımız üçün ümidim var. Gördüyünüz kimi Milli Gimnastika Arenası çoşqudan partlayırdı. Növbəti oyunda da eyni şeyi gözləyirik".
O, penaltilər seriyasının lotereya olduğunu bildirib: "Keçən mundialda penaltilər seriyasında Qazaxıstana uduzmuşduq. Həm psixoloji, həm də texniki cəhəddən penaltilərəhazırlaşırdıq. Xüsusəndə qapıçımız ikinci hissədə inamlı oynadı".
Məmmədov dünya çempionatının bütün oyunlarını canlı izlədiyini vurğulayıb: "Hesab edirəm ki, bu mərhələdən sonra bütün komandalar güclüdür. Doğma azarkeşlərimiz önündə oynadığımız üçün az da olsa üstünlüyümüzün olduğunu düşünürəm. Bu, dünya çempionatının 1/4 final mərhələsidir və burada asan rəqib olmur.
O, qarşılaşmada milli komandanı dəstəkləyən azarkeşlərə təşəkkür edib: "Onlar minifutbola sevgini göstərdilər. Arena demək olar kı, dolu idi. Matça bir neçə saat qalmış bütün biletlər satılmışdı. Azarkeşlərdən növbəti oyuna da gəlmələrini xahiş edirəm".
Orxan Məmmədov "Zirə"nin ötən mövsüm UEFA Konfrans Liqasının III seçmə mərhələsində Xorvatiya "Osiyek"i ilə də penaltilər seriyasında qələbə qazandıqlarını xatırladıb: "Hisslərim eynidir. Amma minifutbolda həyəcanlanmağa vaxt olmur, növbəti oyuna hazırlaşmalısan. Çoxlu məyusluqlar olur, çoxlu oyunlarda uduzursan, amma belə qələbələrə görə futbolu sevməyə və inkişaf elətdirməyə dəyər".