
“Meydançada topa daha çox hakim olan tərəf biz idik. Rəqibin real qol şansı yadıma gəlmir. Standart vəziyyətlərdən 1-2 dəfə təhlükə yarada bildilər”.
Sportnet.az xəbər verir ki, bunu “CBC Sport”a açıqlamasında Azərbaycan millisinin futbolçusu Mahir Emreli Latviya ilə səfərdə 0:0 hesablı heç-heçə etdikləri yoldaşlıq oyunundan sonra deyib.
28 yaşlı hücumçu topa daha çox nəzarət etməyə çalışdıqlarını bildirib: “Bunda Emin Mahmudovun meydanda olması da rol oynadı. O, komandaya hücuma çıxmaqda və topa sahib olmaqda kömək edirdi. Çatışmayan bircə qol idi. Çalışacağıq ki, hücum xəttində daha aktiv və konsentrasiyalı olaq”.
O, millinin son 5 oyunda qol vura bilməməsini hücum xəttində yeni oyunçuların olması ilə əlaqələndirib: “Qol vəziyyətimiz olmasaydı, bunu oturub düşünmək olardı. Amma epizodlarımız olur. Sadəcə, son nöqtəni qoymaqda nə isə çatışmır. Canni De Byazinin dövründə də qolsuz oyunlar seriyamız olmuşdu.
Sonradan həm qollar vurmağa, həm də qələbə qazanmağa başladıq. Düşündüyüm məqamlardan biri o ola bilər ki, hücum xəttində yeni oyunçularımız var. İstər-istəməz onlarla da bir-birimizi anlamaq üçün zaman lazımdır. Çalışacağıq ki, növbəti oyunlarda son nöqtəni qoymaqda daha dəqiq və istəkli olaq”.
Emreli real qol şansından istifadə edə bilmədiyi epizodu sadə adlandırmayıb: “Sadə epizod boş qapıdır. Amma müdafiəçi və qapıçı yerində olduğu zaman bu, sadə epizod hesab olunmur. Azarkeşlərə və mətbuata bildirmək istəyirəm ki, milli ilə klubu müqayisə etməyə ehtiyac yoxdur. Klubda başqa, millidə isə başqa oyun sərgiləyirik. Klubda strategiya və oynadığım futbolçular başqadır. Bunu klubda daha yaxşı və ya millidə daha pisdir mənasında demirəm. Sadəcə, klubda daha çox hazırlıq keçirik, birlikdə daha çox vaxt keçiririk. Millidə elə də çox zamanımız olmur. Bir-birimizi anlamaq üçün də zaman lazımdır. Baş məşqçimiz də yenidir.
Yeni məşqçi olduğu zaman birdən-birə nəticələr olmur. Bu, Robert Prosineçki, Nikola Yurçeviç, Qurban Qurbanov və Canni De Byazinin dövründə də belə olub. Ümid edirəm ki, növbəti oyunlarda nəticələri düzəldəcəyik və mən də qollar vuracağam”.