
“Yeni mövsüm üçün hazırlığımız yaxşı səviyyədə keçir. Bakıdan sonra indi də burada hamı canla-başla çalışır, verilən tapşırıqları yerinə yetirir".
Sportnet.az xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Toral Bayramov Avstriyada keçirdikləri təlim-məşq toplanışı barədə klubun rəsmi saytına danışarkən deyib.
24 yaşlı yarımmüdafiəçi çatışmayan cəhətlərin üzərində işlədiklərini bildirib: "Daha yaxşı forma yığmağa çalışırıq. Düşünürəm ki, bizim üçün çox faydalı təlim-məşq toplanışı keçir. Bakıda bir, Avstriyada üç yoxlama oyunu keçirmişik. Bu gün isə son yoxlama matçında “Zalsburq”la qarşılaşacağıq. Fikrimcə, pis təsir bağışlamamışıq. Həm taktiki, həm də fiziki durumumuzu optimal səviyyəyə çatdırmağa çalışırıq. Rəsmi oyunlara qədər tam hazır olmaq istəyirik”.
Bayramov bu mövsüm UEFA Çempionlar Liqasında uğurlu çıxış etməyə çalışacaqlarını vurğulayıb: “Çempionlar Liqasında ilk matçımıza təxminən bir həftə vaxtımız qalıb. Turnirə tam hazır olmaq üçün bütün gücümüzlə hazırlaşırıq. Rəqibin kimliyindən asılı olmayaraq, meydana hər zaman qələbə üçün çıxırıq. Bunu reallaşdırmaq istəyiriksə optimal formada olmalıyıq. Çempionlar Liqasında əsas hədəf Liqa mərhələsinə yüksəlməkdir. Bunun üçün əlimizdən gələni edəcəyik. İnanıram ki, bu mövsüm hər şey yaxşı olacaq”.