
Xeyli vaxtdır legioner həyatı davam edən Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərli bu dəfə Albaniyanın “Partizani” klubuna transfer olunub. 30 yaşlı yarımmüdafiəçi baş məşqçi Skender Geqa şans verəcəyi təqdirdə, ilk ciddi sınağına bu axşam UEFA Konfrans Liqasının I təsnifat mərhələsində evdə Estoniyanın “Kalyu” klubuna qarşı çıxacaq.
İsgəndərli Sportnet.az-a müsahibəsində ikinci dəfə Albaniyada legioner həyatı yaşaması, avrokubok sınağı və transferi zamanı yaranan problemlərdən danışıb:
- “Partizani” ilə razılığa gələn zaman viza probleminiz yaranmışdı. Həll olundumu?
- Viza məsələsi həll olunub. İndi yeni pasportla bağlı problemim var və bu məsələ hələ həllini tapmayıb. Buna görə də Konfrans Liqasındakı səfər oyunlarında iştirak edə bilmirəm. Problemi aradan qaldırmağa çalışırıq.
- Nə üçün məhz “Partizani” ilə 1+1 illik müqavilə bağladınız?
- Klub əvvəlcə 2 illik müqavilə təklif etdi. Düşündüm ki, hər iki tərəf üçün belə yaxşıdır. Onlar da sağ olsunlar, mənim istəyimi müsbət qarşıladılar. Sonda 1+1 illik müqaviləyə razılaşadıq.
- Başqa ölkələrdən də sizə rəsmi dəvət göndərən klublar vardı. Hətta Teleqraf-a “Dinamo Siti”, “Teuta” və “Vora”dan da ciddi maraq olduğunu demişdiniz. Niyə məhz “Partizani”ni seçdiniz?
- Danışıq uzun çəkmədi. Çünki “Partizani” qışda da məni istəmişdi. Albaniyanın ən böyük klublarından biridir. Qış aylarında ayrıla bilmədiyimdən, ilk təklifi qəbul etməmişdim. Təklif başqa ölkələrdən də gəldi. Pasport problemimə görə gedə bilməyəcəyim yerlər də oldu. Çünki gözləməyə vaxtım da olmadı. Gözləyəcəyim təqdirdə, necə nəticələnəcəyini bilmirdim. Beləliklə, “Partizani”yə keçməyə qərar verdim.
- Yenidən Albaniya çempionatında çıxış etmək sizin üçün nəyi ifadə edir?
- Albaniya Super Liqasında müəyyən təcrübəm var. Çempionata bələdəm. Klubların və futbolçuların çoxunu da tanıyıram. Bura mənim üçün uğurlu alınmışdı.
- Çoxları sizin Türkiyəyə getməklə böyük səhv etdiyinizi düşünür. Yenidən belə riskli addım atardınızmı?
- Bəli, bəziləri üçün Türkiyəyə getməyim səhv addım idi. Amma bu da bir təcrübə oldu. Yenidən daha çox forma şansı qazanıb, daha yaxşı yerlərə getmək istəyirəm.
- Sabiq klubunuz “Eqnatiya”da Zamiq Əliyev forma geyinib. Oradakı karyerası daha uzun müddət çəksə də, gedərkən sizdən məsləhət almışdı. Eləcə də hər ikiniz bu klubla çempionluq yaşamısınız...
- Bəli, Zamiq sabiq komandama gələrkən xəbərim vardı. Klubdan da məlumat vermişdilər. Bir azərbaycanlı kimi Zamiq də mənə demişdi. Mənim də məsləhətim Albaniyaya gəlməsi idi. Düşünürəm ki, uğurlu olacaq.
- Zamiq Əliyev Ukraynanın “Veres” klubuna transferin bir addımlığındadır. Albaniya çempionatı həqiqətən də tramplin rolu oynayırmı?
- Bəli, elədir. Burada oynayıb təcrübə qazanmaqla daha üst liqalara keçmək mümkündür. İnanıram ki, Zamiq daha yaxşı klublara transfer olacaq. Daha uğurlu davam edəcəyinə inanıram.
- “Partizani”nin heyətində Estoniyanın “Kalyu” klubuna qarşı ilk dəfə rəsmi oyuna çıxa bilərsiniz. Konfrans Liqasında şans qazanacağınıza inanırsınız?
- Bu oyuna hazırlaşırıq. Bugünkü oyuna çıxa bilərəm. Təbii ki, baş məşqçimiz şans verəcəyi halda, əlimdən gələni edəcəyəm ki, komandama faydalı olum. Ümid edirəm ki, rəsmi debütüm komandamın avrokuboklarda mərhələ adlaması ilə yadda qalacaq.
- Komandanızın şanslarını necə görürsünüz: ayağınız düşərli olacaqmı?
- Birinci oyun 1:1 hesablı heç-heçə ilə bitib. Düşünürəm ki, mərhələ şansımız 50/50-dir.