
İngiltərənin "Liverpul" klubunun futbolçusu Məhəmməd Salah "Fələstinli Pele" kimi tanınan futbolçunun ölüm səbəbini açıqlamadığı üçün UEFA-nı tənqid edib.
Sportnet.az xəbər verir ki, UEFA daha əvvəl sosial şəbəkədə 41 yaşlı fələstinli oyunçunun ölümü ilə bağlı bəyanat yayıb.
“Fələstinli Pele” kimi tanınan Süleyman Əl-Obeydlə vida... Ən qaranlıq vaxtlarda belə minlərlə uşağa ümid bəxş edən istedad”, - UEFA-nın bəyanatında deyilir.
Fələstin Futbol Assosiasiyası daha əvvəl bildirmişdi ki, Əl-Obeyd Qəzza zolağının cənubunda humanitar yardım gözləyərkən İsrailin atəşi nəticəsində həlak olub.
"Onun necə, harada və niyə öldüyünü bizə deyə bilərsinizmi?", - deyə Salah UEFA-nın sosial şəbəkə hesabında şərh yazıb.
Qeyd edək ki, Məhəmməd Salah münaqişə boyu ardıcıl olaraq Qəzza xalqına rəğbətini ifadə edib. Misir millisinin üzvü iki il əvvəl regionda humanitar yardımın maliyyələşdirilməsinə kömək etmək üçün ianə edib.