
"Çox vacib oyun olacaq. Rəqib də çox iddialı, döyüşkən komandadır".
Sportnet.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Şimali Makedoniyanın “Şkendiya” klubu ilə oyundan öncə keçirilən mətbuat konfransında deyib.
53 yaşlı mütəxəssis matçda çox güc sərf etməli olduqlarını söyləyib: "Yaxşı hazırlaşmışıq, futbolçularımızla da danışmışıq. İlk oyuna görə, hər iki komanda qalib gəlməyə layiqdir. Cüzi üstünlüyümüz var. Əlizimdən gələni edəcəyik".
Qurbanov futbolçusu Kadi Borgesin ilk oyundakı performansını dəyərləndirib: "O, istəksiz deyil. Bəlkə də sizin üçün Kadidən gözləmədiyiniz addım idi. Ona görə belə qarşılandı. Ümumən Kadiyə verdiyim tapşırıqlar vardı. Hansı ki, müdafiədə diqqətli olmaq və s. Düzdür, bəzi səhvləri oldu. Amma gələcək oyunlarda buna diqqət yetirəcək".
O, Emmanuel Addainin formasında olmaması ilə bağlı verilən sualı cavablayıb: "İstənilən futbolçunun çatışmazlığı var. Addainin gəldiyi gündən bəri oyuna yanaşmasında, bizim istəklərimizin yerinə yetirməsində dəyişiklik var. Bu da normaldır. Başqa yerdən gəlib. Formasında çox fərq var. Yeməyi ilə bağlı kiçik cərimələr də etmişəm. Bəzi insanlar bu mövzularda həssas olur. Biz də futbolçu olmuşuq. Sərbəstlik olanda iştah da artır. Amma bunları aradan qaldırır. Gəldiyindən sonra çox fərq hiss edirik".
Baş məşqçi ilk oyunda daha səliqəli oynamalı olduqlarını vurğulayıb: "Bəsit top itkilərimiz var idi. Bəzi oyunçular bu cür səhvlərə çox nadir hallarda yol verir. Bu da oyun epizodunda baş verir. Başqa nüansları deməyə ehtiyac yoxdur. Sabahki oyunda bəzi dəyişikliklər olacaq. Mateuş Koxalskinin oynamaq ehtimalı da çoxdur".
O, Portuqaliyanın "Akademika Vizeu" klubunun futbolçusu Andre Klovisin "Qarabağ"a mümkün transferini barədə danışıb: "Transfer siyahımızda çox futbolçu var. Onlardan biri də Klovisdir. Amma desək ki, sabah onu gətiririk, yalan olar. Danışıqlarımız davam edir".
Qurbanov Rusiyanın "Spartak Moskva" klubuna mümkün keçidininin real olmadığını əlavə edib.
Təcrübəli mütəxəssis pley-offda rəqibin "Ludoqorets" olmasını istəyərdiz?” sualına belə cavab verib: “Qalib gəlsək də, uduzsaq da, eyni rəqiblərlə düşəcəyik. Belə püşkdür. Hansında hansını istəyərik, bunu demək düzgün çıxmaz. Üzərimizə düşən sabahkı oyuna köklənməkdir”.
Qurbanov yeni transfer Joni Montielin durumunun qənaətbəxş olmadığını qeyd edib: “Hazırlıq durumu yaxşı deyil. Bir az vaxt lazımdır. Universal oyunçudur. Mərkəz oyunçudur, amma sağ cinah hücumçusu oynamaq bacarığı da var. Sadəcə bir az vaxt lazım olacaq. Rotasiyalar çox edirəm. Bİr neçə oyundan sonra tam bərpa olacaq. Orta və sağ cinahda lazım ola bilər”.
Baş məşqçi komandasında hücumçu məsələsində mövcud çatışmazlıq və heyətdə baş verə biləcək dəyişikliklərdən də söz açıb: “Daim təkrar-təkrar olan söhbətdir. Elə mövqedir, transfer siyasəti elədir ki, bazarda satılmır ki, pulu verib gətirəsən. Nə qədər hücumçu transfer etmişik. Bir o qədər də yanılmamışıq. Yaxşı oyunçu gətirməyin həm üstün tərəfi, həm də bizə zərbə vuran tərəfi var. 3-5 yaxşı oyun oynadı, təkliflər başlayır və oyunçunu itiririk. Onu komandadan gedəndə itirmirik, amma bizdə olanda itirirk. Hansısa kluba "yox" cavabı verəndə, futbolçunun əhvalı korlanır. Hücumçuları alıb, sonra satmışıq. Dino Ndolovunu, İbrahima Vadjini, Juninyonu satdıq, Mahir Emreli getdi. Bunun həm yaxşı tərəfi var, digər tərədən isə bizə mane olur.
Kollektiv formalaşdırırsan, oyun üslubu qurursan. Sabah birdən-birə oyunçunun əhvalı pozulur, başlayıram problem yaşamağa. Nəinki tək hücumçu, həm orta xətt, həm sol-sağ vinger, həm müdafiə üçün də oyunçu axtarırıq. Bir hücumçu gətirməklə dayanmayacağıq. Elə addım atmaq istəyirik ki, oyunçu və bizim üçün tam faydalı olsun. Təzyiqlər çoxdur, hamı hücumçu gözləyir, istəyir. İllərdir ki, hər il bunun müzakirəsini görmüşük. Son vaxtlar Klovislı bağlı çox məlumatlar gedir. Bizdən asılı olmayan şeyər var.
Tək bir oyunçunu düşünmürük, kollektivi, gedişatı düşünürük. Kənardan çox rahat görünə bilər, amma işin içində elə detallar var ki, onu da nəzərə almalıyıq. Burada nə üçün işləyirik? Sizləri, azarkeşləri sevindimrək üçün. Futbolçularıma da bəzən deyirəm ki, biz illərdir lider olmaq istəyirik, liderlər sırasındayıq. Hər komanda bunu saxlaya bilmir. O qədər ölkələrin çempionları var, çempion olur, sonra 13-14-cü yerdə olurlar. Böyük beşlikdə də belə hallar baş verir. Ronaldo getdi, ikinci Ronaldo nə vaxt tapdılar? Ya da, Messi. Liderlərin problemi öndə olur, həm də asan olmur. Əlimizdə olanı qoruyub-saxalamlıyıq ki, oyun sistemimiz pozulmasın, nəticələrimiz ən azından olduğu kimi qalsın. Kreativ oyunçu axtarmağa daha çox vaxt ayırmışıq. Juninyonun xətrini çox istəyirəm, xarakterlidir.
İspaniyadan, Braziliyadan təklif gəldi, onu itirdik.
Onu et, bunu et deyirdik, edə bilmirdi. İstəyirdi.
Amma psixoloji məsələ idi. Azarkeşlərimizə bildirim ki, narahat olmasınlar, çalışırıq, bütün detallara fikir verərək, oyunçu götürürük. Elə nüanslar var ki, bir-birimizə mane olur. Axtarışdayıq. Transfer pəncərəsinin son gününə kimi işimizi davam etdirəcəyik”.
Qurbanov Şimali Makedoniyada sabiq futbolçusu Muarem Muaremlə görüşü ilə bağlı təəssüratlarını da bildirib: “Kökəlmişdi (gülür-red.). Qəlbimizdə böyük yeri var. Eləcə də bütün futbolçuların. Sizin bilmədiyiniz şeylər çoxdur. Kollektivdə hansı ürəklə çalışırlar, bu adı başa düşərək nə cür hazırlaşırlar. Bəzi futbolçular var ki, hələ də onların yeri bizim qçün ayrıcadır. Muarrem də həmçinin. Görüşərkən artıq çəki aldığını dedim, o da mənimlə razılaşdı. Yəqin gələn dəfə gedişimizdə artıq kilosunu atar (gülür-red.).
Qeyd edək ki, “Qarabağ” ilə “Şkendiya” arasında cavab görüşü avqustun 12-də saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Tərəflər arasında ilk qarşılaşma Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.