
"İlk növbədə Azərbaycan mətbuatının 150 illiyi münasibətilə sizi təbrik edirik. Ölkə idmanına verdiyiniz töhfələr, gördüyünüz işlər çox dəyərlidir. Keçən mövsüm çox yoruldunuz, bu mövsüm daha çox yorulacaqsınız. Əminik ki, bu mövsüm də eyni əzmlə çalışaraq daha böyük uğurlar qazanacaqsınız".
Sportnet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Neftçi" Futbol Klubunun baş icraçı direktoru Cenk Sümer deyib.
Türkiyəli funksionerin sözlərinə görə, Azərbaycan klubları Premyer Liqa, ölkə kuboku və Avropa arenasında ciddi mübarizə aparacaqlar: "Bu prosesdə nümayiş etdirdiyiniz əzm və fədakarlıq təqdirəlayiqdir. Bir idman adamı kimi bütün səylərinizə görə təşəkkürümü bildirirəm".
Sümer "Neftçi"də gördükləri işlərə də diqqət çəkib: "Biz də yeni mövsümə şənbə günü keçirəcəyimiz qarşılaşma ilə start verəcəyik. Keçən mövsüm uğursuzluq oldu. Lakin mühüm addımlar atdıq, bazamızı tamamlamağa nail olduq. Transferləri baş məşqçimizin tələblərinə uyğun şəkildə həyata keçirdik. Əhəmiyyətli futbolçular komandamıza qoşuldu və onların həm klubumuza, həm də Azərbaycan futboluna faydalı olacaqlarına ümidvarıq. Baş məşqçimiz, texniki heyətimiz, futbolçularımız və rəhbərliyimizlə birlikdə uğurlu mövsüm keçirmək üçün bir amal ətrafında birləşmişik. İnanırıq ki, xeyirli və uğurlu bir mövsüm yaşayacağıq".
O, hədəflərdən də danışıb: “Hər mövsümə uğur qazanmaq üçün başlayırıq. Əlbəttə, muzeyimizi kuboklarla doldurmaq istəyirik. Ümidvaram ki, bütün cəhdlərimiz hər şeyin müsbət nəticələnməsi yönündə olacaq. Sadəcə, xeyirli mövsüm arzulamaq üçün qarşınıza çıxdım. Siz də komanda ilə bərabərsiniz. İnanıram ki, daha irəlilərə gedəcəyik. Hədəfimiz hər zaman finalı görməkdir. Çempionluq üçün əminliklə danışmağın nə qədər doğru olduğunu bilmirəm. Amma son nəticədə uğur qazanmaq istəyirik. Çempionluğa namizədlərdən biriyik. Buna layiq oyun sərgiləyəcək və o uğura nail olmaq üçün çıxış edəcəyik. “Neftçi” azarkeşlərini və camiəsini xoşbəxt edəcək nəticələr qazanmaq istəyirik”.
Klub rəsmisi büdcəyə qənaət etdiklərini diqqətə çatdırıb: "Büdcəmizə uyğun işlər görmək üçün cəhdlər edirik. Transferləri dərhal da bitirmək olar, amma maliyyə xərcləri də uyğun olmalıdır. Baş məşqçimizlə bərabər onun istədiyi mövqelərdə oyunçuları araşdıraraq, çox çalışaraq bu nöqtəyə gəlmişik. Büdcəmiz də əvvəlki illərlə müqayisədə böyük həcmdə deyil. Klub daxilində tarazlığı qorumağa çalışmışıq. Maliyyə xərclərini nəzərə alaraq, büdcəmizə dair sağlam qərarlar qəbul edərək irəliləmək istəyirik".
Sümer "Neftçi"nin ötən mövsüm üzləşdiyi uğursuzluğu belə izah edib: "Bu, futboldur. Ötən mövsüm mövcud kollektivin üzərinə yeni transferlərlə yeni komanda quruldu. Onlar idmançı, futbolçu olsalar da, son nəticədə insanla çalışırsınız. Hər şey ola bilər. Bizi məyus edən futbolçular, onların özlərinin üzləşdikləri məyusluqlar oldu. Bunların hamısını təsbit etdik. Baş məşqçimiz Samir Abasov da yenicə gəlmişdi. Onunla bərabər təməl problemləri - oyunçular, oyun, komandanın özəllikləri kimi problemləri ortaya qoyduq. Analizlər aparıldı, skaut departamentini formalaşdırdıq, onlardan yararlanaraq, oyunçular transfer etdik. Ümidvaram ki, bu mövsüm belə uğursuzluq yaşamayacağıq. Baş məşqçimizin istədiyi oyunçulardan qurulan kollektivlə davam edəcəyik. Bir ailə olduq. Bunu təlim-məşq toplanışında da hiss etdik, indi də duymaqdayıq".
Baş icraçı direktor futbolçuların yeni bazada daha çox vaxt keçirə biləcəklərini də diqqətə çatdırıb: "Onlar yeni və müasir bazada çalışacaqlar. Nəticəsinin müsbət olacağına ümidvarıq".
Qeyd edək ki, "Neftçi" avqustun 16-da "Şamaxı"nı qəbul edəcək. "Neftçi Arena"da keçiriləcək görüş saat 20:00-da başlanacaq.