
“Turan Tovuz”un müdafiəçisi Denis Marandiçi ikinci dəfə əməliyyat olunub. Amma klub bu barədə rəsmi açıqlama yaymayıb.
28 yaşlı moldovalının eyni zədəyə görə növbəti dəfə cərrah masasına qalxmasının gizli saxlanması səbəbsiz deyil. Çünki futbolçunun klub tərəfindən reallaşdırılan ilk əməliyyatı uğursuz olub və ona görə də təkrar tibbi müdaxiləyə ehtiyac duyulub, lakin bununla bağlı xəbərlər mətbuata çıxmayıb.
Marandiçi oten il dekabrın 3-də zədələnmişdi. “Sabah”la ölkə kuboku oyununda Pavol Şafranko ilə mübarizədə ayağı sınan müdafiəçi paytaxtdakı xəstəxanalardan birində təcili əməliyyat olunmuşdu.
Klub çox ağır zədəyə görə ölkə xaricinə üz tutmağı artıq məsrəf sayıb, xüsusilə idman tibbi sahəsində ölkəmizdə kifayət qədər yaxşı mütəxəssisin olmaması nəzərə alınmayıb. Və yekunda həkimlərin səhv qərarları üzündən Denisin şikəst olmaq riski yaranıb.
Həkimlərin səhv qərarları üzündən nəinki Marandiçinin oynaması, hətta normal yeriməsi sual altına düşüb. Daim mətbuata açıq olan müdafiəçinin son vaxtlar jurnalistlərdən qaçmasının da səbəbi bu imiş. O, klubu zərbə altına qoymaq istəmirmiş, eyni zamanda sağalması üçün variant axtarırmış.
Yekunda Denis klubun səhlənkarlıını görərək özü öz qayğısına qalıb. O, əlaqələrini işə salaraq bu zədənin müalicəsində ən yaxşı mütəxəssislərdən olan portuqaliyalı həkimə müraciət edib. “Turan Tovuz”un tapdığı həkimlər əməliyyat edilmiş sümüyünün sındırılmasından başqa yol təklif edə bilmədyi halda, Marandiçi başqa müalicə üsulu bilən həkimə müraciət edib. Və yekunda o, ən pis ssenaridən qaçmağı bacarıb, ən doğru tibbi müdaxilə yolu ilə ikinci dəfə əməliyyat olunub – sümüyü sındırılmayıb, onun şikəst qalmasına səbəb olma ehtimalı olan variantı rədd edib.
Nəticədə indiyədək məşqlərə başlamalı olan Denis daha 3 ay məşqlərdən kənarda qalacaq. Hələ onun yenidən əvvəlki formasını bərpa edəcəyi də sual altındadır. Bakıdakı səhv əməliyyatın fəsadları üzə çıxmasa, moldovalı ilin sonuna yaxın yaşıl meydanlara qayıdacaq.
Marandiçinin durumunu, niyə ikinci əməliyyata ehtiyac duyulduğunu öyrənmək üçün “Turan Tovuz”a da müraciət etdik. Klubun mətbuat xidmətindən həkimlərə sorğu göndərdiklərini, detallı cavab gözlədiklərini bildirdilər. Ümid edirik, bizə veriləcək cavabda səhv diqanoz qoyan və əməliyyat edən ilk həkimin, onun çalışdığı xəstəxananın da adı olar. Eyni zamanda məsuliyyətsizlik edən, oyunçunu şikəst olmaq riski ilə üz-üzə qoyan şəxslərə qarşı hansı tədbirin görüldüyünü də bilərik.
İdman sağlamlığın rəhni olmalıdır. Bu sahədə qaçılmaz olan zədələrin qarşısını almaq mümkün olmasa da, insanların sağlamlığını təmin etmək üçün ən doğru qərarlar verilməlidir. Məsələlərə “Turan Tovuz” kimi başdansovdu yanaşmaq olmaz (futbolinfo.az).