
2025/2026-cı illər mövsümündə Azərbaycan Premyer Liqasında çıxış edən klubların heyətində yerli futbolçuların meydana çıxmasına görə maliyyə təşviq mexanizmi tətbiq edilib.
Sportnet.az xəbər verir ki, bu addım AFFA İcraiyyə Komitəsinin fevralın 3-də qəbul etdiyi qərar əsasında atılıb.
Qərara əsasən, bonus fondu Premyer Liqada iştirak edən klubların sifariş vərəqəsindəki legioner futbolçular üzrə ödəniləcək rüsumlardan formalaşacaq.
Yeni qaydaya əsasən, legioner rüsumlarından ayrılacaq vəsaitin müəyyən hissəsi (minimum 1 000 000 AZN) Misli Premyer Liqasında çıxış edən klublar arasında bölüşdürüləcək. Həmçinin mövsüm ərzində yerli futbolçuların (əmsallar nəzərə alınmaqla) ən çox xal topladığı klub əlavə mükafat (ümumi məbləğdən 50 000 AZN) qazanacaq.
Hər bir klubun heyətində meydana çıxmış yerli futbolçuların oynadığı ümumi dəqiqə sayı Premyer Liqada bütün klubların yerli futbolçularının ümumi dəqiqə sayındakı faiz payına uyğun olaraq hesablanacaq.
Oyunlar üzrə ümumi yerli futbolçu 1,0 əmsal, 21 yaş və daha gənc yerli futbolçu 1,5 əmsal, klubun yetirməsi (əsas komandaya yüksələnə qədər eyni klubun aşağı yaş qruplarında və ya əvəzedici komandasında ardıcıl minimum 3 mövsüm çıxış etmiş futbolçu) isə 2,0 əmsalla qiymətləndiriləcək.
Hesablama yalnız 90 dəqiqəlik əsas oyun vaxtını əhatə edəcək. Əlavə olunmuş vaxtda meydana daxil olan oyunçular üçün yalnız 1 dəqiqə qeyd olunacaq. Bir futbolçu eyni zamanda bir neçə kateqoriyaya uyğun gəldikdə, onun oyun dəqiqələri ən yüksək əmsalla hesablanacaq.