
"Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev səfərdə "Zirə" ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının I tur matçından sonra mətbuat konfransı keçirib.
Sportnet.az xəbər verir ki, 44 yaşlı mütəxəssis əvvəlcə oyunu dəyərləndirib:
- Gərgin oyun alındı. Hər iki komanda meydanda yaxşı mübarizə apardı. Düşünürəm ki, bir xal da bizim üçün faydalıdır. Komanda olaraq, inanıram ki, turlar irəlilədikcə daha da özgüvənli və yaxşı olacağıq.
- Oyun bitdikdən sonra Rahil Məmmədovla Ba-Muaka Simakala arasında mübahisə yaşanıb. Həmin qarşılaşmaya görə onların əvvəlcədən də problem yaşayıblarmı?
- Hər ikisi bizim oyunçudur. Aralarında heç bir problem yoxdur. Ola bilər ki, sadəcə bir xala sevinmədikləri üçün belə emosional vəziyyət yaranıb.
- Felipe Santosun qırmızı vərəqə alacağından ehtiyatlandığınız üçün əvəzləmədiniz?
- Sırf oyuna görə əvəzlədik. Əvəzolunmaz futbolçumuz yoxdur. Hər ehtimala görə ehtiyatımızı qoruduq.
- Konfrans Liqasında Kipr "Omoniya"sına uduzduqdan sonra rəhbərlik narazılığını bildirib sizə vaxt verdimi?
- Təbii ki, bu məğlubiyyətlərdən sonra bizə təşəkkür edilməli deyil, iradlar hər zaman edilə bilər. Normal qarşılamaq lazımdır. Ümumiyyətlə, komanda olaraq üzərimizə müəyyən təzyiqlər düşdü. Biz də çalışdıq, mübarizə apardıq, amma sadəcə istədiyimizi reallaşdıra bilmədik. Əvvəlcə bunu daha çox komandanın təcrübəsizliyi ilə əlaqələndirərdim. Amma ümumi götürdükdə, komanda minimum vəzifəni yerinə yetirdi. Bizim üçün Avrokuboklar başa çatdı. Komanda olaraq, yaxşı bir təcrübə qazandıq. Bu məğlubiyyətlərə düzgün yanaşsaq, bu, bizim xeyrimizə olacaq. Mənimlə bağlı isə onu deyim ki, bu iş daimi deyil. Nə vaxta qədər etimad göstəriləcəksə, işimin başında olacağam.
- İki ağır məğlubiyyətdən sonra komandanı kökləmək çətin olmadı?
- Əlbəttə, hər bir məğlubiyyət və digər psixoloji amillər komandaya təsir edir. Amma sevindirici hal odur ki, komandam möhkəmdir, xarakterlidir. Düşünürəm ki, bu manəelərin getdikcə komandaya heç bir təsiri olmayacaq. Biz də başa düşürük ki, komanda olaraq daha yaxşısını edə bilərdik. Sadəcə, ola bilər, gücümüz təcrübəmiz çatmadı. Amma keçmişdə qalmaq fikrimiz yoxdur. Komanda şəklində iddiamızı ortaya qoyacağıq.
Aliya ƏLƏSGƏROVA