
"Qarabağ"ın sabiq futbolçusu Marko Veşoviç karyerasını Xorvatiyanın "Lokomotiv" (Zaqreb) klubunda davam etdirəcək.
Sportnet.az xəbər verir ki, paytaxt təmsilçisinin rəsmi "Instagram" səhifəsində 33 yaşlı sağ cinah müdafiəçisinin açıqlaması da dərc edilib.
Monteneqrolu oyunçu "Lokomotiv"ə keçdiyi üçün çox şad olduğunu bildirib: "Mən uzun müddət idi ki, bu klubu izləyirəm və bilirəm ki, burada ciddi iş mühiti qurulub və komanda iddialıdır. Mən öz təcrübəm və oyunumla komandaya kömək etmək və birlikdə mümkün olan ən yaxşı nəticələri qazanmaq arzusu ilə buraya gəlmişəm. Yeni çağırışları səbirsizliklə gözləyirəm və "Lokomotiv"in azarkeşləri qarşısında oynamaq üçün səbirsizlənirəm".
Qeyd edək ki, Marko Veşoviç 2021-ci ildən "Qarabağ"da çıxış edib. Yayda klubla müqaviləsi baş çatan futbolçu azad agent statusuna malik idi. Bir müddət əvvəl futbolçunun Azərbaycan təmsilçisi "Turan Tovuz"a keçəcəyi barədə xəbərlər dolaşırdı (oxu.az).