
Azərbaycan Premyer Liqasının III turunda “Şamaxı” səfərində 2:1 hesablı qələbə qazanan “Sabah”ın baş məşqçisi Luka Damburaska oyunla bağlı fikirlərini bölüşüb.
Sportnet.az xəbər verir ki, mütəxəssis ilk növbədə qələbənin komanda üçün önəmindən danışıb:
“İlk öncə “Sabah” ailəsini, rəhbərliyi, uzaq səfərə gəlmiş azarkeşlərimizi və futbolçularımı qələbə münasibətilə təbrik etmək istəyirəm. Bildiyim qədər, biz təxminən 4 ilə yaxındır ki, burada səfərdə qalib gəlməmişdik. Buna görə də bu qələbə mənim üçün çox xoş oldu”.
Damburaska həftə ərzində üzərində çalışdıqları planı meydanda tətbiq etdiklərini deyib:
“Rəqib çox çətin idi. Mən əminliklə deyə bilərəm ki, buraya gələn hər bir komanda əgər 100 faizini verməsə, qarşısında inadkar və yaxşı təşkilatlanmış bir “Şamaxı” görəcək. Onlar qapılarını çox yaxşı qoruyur, müdafiədə möhkəm dayanırlar. Buna görə də buradan qələbə ilə ayrılmaq üçün maksimum güc göstərmək lazımdır”.
Məşqçi səfər qələbəsini komanda üçün çox dəyərli adlandırıb:
“Biz hiss edirdik ki, böyük səhvlərə yol verməsək, buradan qələbə ilə ayrılacağıq. Amma bunların hamısını unutmalı, qarşıdakı oyuna köklənməliyik. Sabah artıq məşqimiz var. Komandamız mövsümə pozitiv emosiyalarla başlayıb. Turnir cədvəlində liderlər də xal itirirlər. Ona görə səfərdə qazanılan 3 xal bizim üçün çox dəyərlidir”.
O, Avrokubok oyunlarından sonra çempionata köklənməyin çətinliyini də etiraf edib:
“Motivasiyadan çox, intizam daha önəmlidir. Biz Avropada 6 oyun keçirmişdik və hər həftə oynayaraq oyun ritminə alışmışdıq. Bu görüşdən öncə isə təxminən 10 günlük fasilə oldu, azacıq ritmimizi itirdik”.
Baş məşqçi əlavə edib ki, hazırda əsas hədəf növbəti turda “İmişli”yə qarşı keçiriləcək oyundur.