
“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın II turunda “Sabah”a 1:2 hesabı ilə uduzduqları oyundan sonra fikirlərini bildirib.
Sportnet.az xəbər verir ki, o, görüşün çətin keçəcəyini əvvəlcədən bildiklərini deyib:
“Əlbəttə, çətin oyun olacağını bilirdik, çünki rəqibimiz ‘Sabah’ idi. Onlar həm Avroliqada, həm Konfrans Liqasında yaxşı oyunlar oynamışdılar və hazırda bizdən daha yaxşı formadadırlar. Oyuna pis başladıq, amma sonrakı dəqiqələrdə bərabərlik qolu vurduq. Təəssüf ki, fürsətlərdən yararlana bilmədik. Ən azı bir xal qazanmağı arzulayırdıq, çünki buna layiq idik”.
Abbasov hesab edir ki, oyunda hakimlərin qərarları da onlara qarşı olub:
“Ümumən, bu gün bütün faullar biz tərəfə qarşı idi. Təəssüf ki, artıq iki oyundur hakimlərin simpatiyası rəqib tərəfdə olur. Bir tərəfdən yaxşıdır ki, hakimlər bizi möhkəmlənməyə öyrədir. Amma istəyirik ki, bizə oynamağa imkan versinlər”.
Mütəxəssis Edqarın çıxışı barədə də danışıb:
“Keçən oyun Edqar əsas heyətdə olmayanda çox suallar yarandı. Mən demişdim ki, futbolçuların keçid dövrü olur. Edqar belə oyunlarda iştirak etməli, beynəlxalq oyunlara çıxmalıdır ki, daha möhkəm olsun. Formaya düşməsi üçün fərdi söhbətlər edirik və çalışırıq”.
O, komandanın yeni transferi Raulla bağlı da məlumat verib:
“Raulu gətirdik, perspektivli futbolçudur, amma ona bir az vaxt lazımdır. Dövlətin qoyduğu bəzi qanun məsələləri var, buna görə bir qədər gözləməli olacağıq”.