
"Bərabərsəviyyəli komandaların oyununda həlledici qollar əsas rol oynayır. Standartda və ya bəzi epizodda konsentrasiya itirilir, diqqətsizlik olur. Təəssüf ki, künc zərbəsindən sonra qol buraxdıq. Əlimizə düşən imkanlardan da vura bilmədik".
Sportnet.az xəbər verir ki, bunu "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev "Araz-Naxçıvan"a 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının II tur matçından sonra mətbuat konfransında deyib.
Türkmənistanlı mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb:
- Alexandro Serrano ötən mövsüm komandanın əsas açar futbolçusu idi. Bu mövsüm ilk turda əsas heyətdə meydana buraxmamışdız. O, əsas heyətdə oynamağa nə vaxt hazır olacaq?
- Biz onu, Joarlem Suaresi, Filip Ozobiçi, Enrike Silvanı da gözləyirik. İbrahima Vadji 90 dəqiqə oynamağa hazır deyil. Toplanış keçməyiblər. Ümidvaram ki, növbəti turlarda oynayacaqlar.
- Denis Marandiçinin son durumu nə yerdədir?
- Denis təkrar əməliyyat edilib. Sevinirik ki, uğurlu alındı. Əsa ilə yeriyir. Yavaş-yavaş ayaq üstünə basa bilir. Qışdan sonra sıralara qoşulacaq.
- Oyunun sonundakı heyət növbəti turlarda əsas heyət olaraq meydana çıxa bilər?
- Biz onları elə oynamaq üçün dəvət etmişik. Əgər funksional işləm formada olsalar, start heyətində olacaqlar. Ola bilər ki, sistemi dəyişək.
- Çempionluğa iddialı "Turan Tovuz"u nə vaxt hazır görə bilərsiz?
- Çempionat yeni başlayıb. Mövsümün sonunda baxacağıq.
- Komandaya yeni oyunçular dəvət olunacaq?
- Axtarırıq. Vaxt azdır.