
"Kəpəz"i yaradan Elxan Məmmədovdur və klub onun kurasiyasındadır.
Bunu Sportnet.az-a açıqlamasında komandanın sabiq futbolçusu və məşqçisi Vidadi Rzayev deyib.
58 yaşlı mütəxəssis bildirib ki, klubda çalışanların hamısı AFFA-nın sabiq icraçı vitse-prezidenti, hazırda FIFA-da Üzv Assosiasiyaların direktoru vəzifəsinə çalışan E.Məmmədovun adamlarıdır: "Hamısı onun adamlarıdır. Bunlar hara baxırlar, nə edirlər, bilmirəm, baş açmıram. "Kəpəz" Elxan Məmmədovun kurasiyasındadır. Bütün işçiləri, rəhbər şəxsləri kluba onun özü yerləşdirir. Biz də bunları bildiyimizdən, heç birimizi kluba yaxın buraxmırlar".
Rzayevin sözlərinə görə, yeni rəhbərliyin əməliyyatlar üzrə rəhbər İlqar Nadirini "Kəpəz"dən kənarlaşdıra bilməməsinin bir nömrəli səbəbkarı onun arxasında duran E.Məmmədovdur: "Hazırda "Kəpəz" komandası Elxan Məmmədovun nəzarəti altındadır. Nadirini kluba hələ I Liqada oynadığı vaxt məhz o təyin edib. Ora gələn məşqçilərin çoxunu da Elxan Məmmədov qoyub, onun tapşırığı, sözü ilə gəliblər. Yəni, bu klub onun əlindədir. Bunu bilməyə o qədər ağıl da lazım deyil, baş işlətmək də. İndiki gələn rəhbərləri də deyərdim. Nə oyun oynayırlarsa, özləri bilirlər".
Əvəzində veteran futbolçu bildirib ki, özü və "Kəpəz"in sabiq baş məşqçisi Tərlan Əhmədov E.Məmmədovun adamları deyil: "Məşqçilər içərisindən Tərlan Əhmədov və özümü çıxa bilərəm. Biz Elxan Məmmədovun adamları deyilik. İndikilərdən də kim onun adamı deyillərsə, çıxıb "Elxan Məmmədovu tanımırıq, tanımaq da istəmirik. Vidadi Rzayev səhv deyir, biz onun adamı deyilik" desinlər. Tərlan Əhmədovla işləmişəm, bilirəm ki, bizdən heç kim onun adamı deyil. Kor adam da bilir ki, klubdakı rəhbərlər kimin adamlarıdır. Bunları bilməyə nə var?! Adlarını saymağa ehtiyac yoxdur. Özləri lap yaxşı bilirlər. Oxu nişan al, at, gedib yerinə çatacaq. Onlar da bilirlər kim kimin adamıdır. O siyahıda Tərlan Əhmədov yoxdur. O birilər də desinlər ki, onun adamı deyillər. İlqar Nadiri Elxan Məmmədovsuz iş görə bilmir, görə də bilməz".
Rzayevin fikrincə, məşqçi karuselini yaradan da eyni adamlardır: "Məşqçilər bir karuseldə oturublar, minirlər, fırlanırlar. O karuselə minmək çətindir, kiminsə adamı olmalısan, yaltaq olmalısan. Mən görüşəndə bunların hamısını Elxan Məmmədova demişəm. Deyiləcək çox söz var, hamısını desəm, futbolumuz tərsinə dönər".