
"Futbolçularıma təşəkkür etməyə borcluyam. Çox qaçdılar, yaxşı şeylər etməyə çalışdılar. "Turan Tovuz"la görüşdə uduzsaq da, meydanda dominant komanda var idi. Bu gün isə üstünə daha da qoyan komanda var idi. Alesio, İqor Ribeyro kimi itkilərimiz var idi. Amma oyundan xeyli razı qaldım".
Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi" komandasının baş məşqçisi Samir Abasov evdə "Sabah" komandası ilə 0:0 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının IV tur matçından sonra mətbuat konfransında deyib.
47 yaşlı mütəxəssis azarkeşləri yaxşı başa düşdüyünü bildirib: "Bir komandanı stressiz, təzyiqsiz oyunlara hazırlamağı bacarırıq. Onlarda qələbə mentaliteti formalaşdırırıq. Dilimizi kəsən məqam nəticədir. Bəzi epizodlarda meydanda bir komanda var idi, o da ev sahibi. Vurulmayan epizodları nə ilə bağlayacağımı bilmirəm. Yeni qurulan komanda, bir-birini yenicə tanıyan futbolçuların nə qədər qol vəziyyəti yaratdığı da vurğulanmalıdır. Belə də davam etsinlər, ümidvaram ki, yaxşı oyunun sonunda nəticələr də gələcək".
Abasov yayda lazımi səviyyədə hücumçu ala bilməmələrinin səbəbini belə izah edib: "Sizin istədiyiniz səviyyədə hücumçunu çox axtardıq. Lakin 3 epizoddan 2-də qol vuran forvard tapmaq çox çətindir. Qurban Qurbanov da müsahibələrində bunu dilə gətirir. Ərəb və Çin klubları qarşımızı kəsir. Yenə də axtarırıq. Azad agent statuslu oyunçularla danışıq şansları əlimizə düşüb. Alınsa, gətirəcəyik".
O, yayda komandasına cəlb etdiyi 18 futbolçunun hamısından razılıq ifadə edib: "Müdafiə xəttindəki Elvin Bədəlov və Murad Xaçayevin ətrafında nə qədər söhbət gedirdi. Amma bu gün xeyli iş gördülər. Təki bütün müdafiəçilər formada olsun, biz də kimi oynadacağımız barədə baş sındıraq. Transfer bazarında dayanmamışıq, daim axtarışdayıq. Konkret adlar çəkə bilmərəm, amma baxdığımız oyunçular var. İnanıram ki, nələrsə çıxar".
Baş məşqçi ona vaxt veriləcəyi barədə sualı cavablandırmaqda çətinlik çəkdiyini bildirib: "Nə qədər çalışsaq da, futbolçular da yazılanları oxuyur, görürlər. Oyunumuzdan çox razıyam. Lakin qol vurmamağın izahı yoxdur".
Təcrübəli mütəxəssis penalti epizodlarının VAR müdaxiləsindən sonra ləğv olunmamasının səbəbini başa düşmədiyini də əlavə edib: "VAR-da niyə o epizoda yox, ondan əvvəlkinə baxılmadı? Ən azından ikisindən biri penalti olmalı idi. Bu, bizim qapımıza olsaydı, yüz faiz penalti veriləcəkdi".
Onun fikrincə, nəticə ədalətli deyildi: "Biz qalib gəlməyə daha layiq idik".
Abasov millidə yerli baş məşqçinin tərəfdarı olduğunu bildirib: "Kim olacaqsa, ona uğurlar arzulayıram".