
AFFA İntizam Komitəsi II Liqada II turun “Göygöl” – “Kür-Araz” oyununda baş vermiş olaylarla bağlı qərarlarını açıqlayıb.
Sportnet.az-ın məlumatına görə, 62-ci dəqiqədə “Kür-Araz” futbolçusu Elxan Məmmədovun hakimi təhqir etməsi səbəbindən birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, klub 1000 manat cərimələnib.
Oyun bitdikdən sonra “Kür-Araz”ın futbolçuları Elnur Məmmədov və Eltun Həsənli ikinci sarı vərəqəni aldıqdan sonra, həmçinin klubun vitse-prezidenti Kenan Yıldız Rasim Musayevin rəhbərlik etdiyi hakimlər briqadasını təhqir edib.
Hər iki futbolçu, eləcə də klub rəsmisi 4 oyunluq cəzaya məruz qalıb. Klub isə onların hər birinə görə 1 000 manat ziyana düşüb.
Oyun bitdikdən sonra “Göygöl” azarkeşləri meydançaya daxil olduqlarına görə meydan sahibi klub 250 manat cərimə edilib.
Bundan başqa, "Göygöl" stadionun otaqlarında oyun günü planı olmadığına görə 100 manat, topdaşıyanlar davranış qaydalarını pozduğuna görə 150 manat cərimələnib.
Qeyd edək ki, 60 azarkeşin izlədiyi oyun "Göygöl"ün qələbəsi ilə yekunlaşıb.