
Bu gün Yüksək Liqada 2025/2026 mövsümünə start verilib.
Sportnet.az Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, turun ilk oyununda son çempion “Araz-Naxçıvan”la gümüş medalçı “Baku Fire” qarşılaşıb.
Yenilənmiş heyətlərin duelində birinci hissədə üstünlük “qırmızı-ağlar”da olsa da, müdafiədə diqqətli oynayan “Baku Fire” 17-ci dəqiqədə hesabı açıb. Mövsümün ilk qolunu Kənan Manafov künc zərbəsindən başlanan “ev tapşırığı”nın davamında vurub.
Yeri gəlmişkən, ilk sarı vərəqə Murad Quluzadəyə göstərilib.
Fasiləyə 10 saniyə qalmış hesab bərabərləşib. Bu dəfə Luicci topa toxunmaqla status-kvonu bərpa etdi.
İkinci hissədə də ssenari oxşar olub. Yenə əvvəlcə qol sevincini “Baku Fire” yaşayıb. Fərid Abbasov rəqib torunu silkələməklə komandasına üstünlük qazandırıb. Felipinyo final fitinə 3 dəqiqə qalmış bərabərlik qolunu vurub.
Beləliklə, mərkəzi oyun heç-heçə başa çatıb.
Turun ikinci oyununda iddialı “Neftçi” debütant “Lənkəran”ı sınağa çəkib. Fasiləyə qədər 4 cavabsız top vuran “Neftçi” ikinci hissədə üstünlüyünü artırıb.
Çempionatın ilk qırmızı vərəqəsi isə Vlasilav Reznova göstərilib. 29-cü dəqiqədə isə Kamran Hacıyev Ümid Qəhrəmanovun penaltisini dəf edib.
Yekunda böyükhesablı qələbə qazanan “Neftçi” çempionata 3 xalla başlayıb.
Günün son matçında heyətini təcrübəli futzalçılarla gücləndirmiş “Şuşa” yaş limiti ilə əlaqədar yenilənmiş U-19-la üz-üzə gəlib. Hesabı nominal qonaqlar açsa da, gənclər yığması ardıcıl 2 qol vurmağı bacarıb. Ancaq sonrakı dəqiqələrdə təcrübə gəncliyə üstünlük saxlayıb. Boş qapıya istiqamətlənən topu əli ilə çıxaran Oqtay Mahmudzadənin qırmızı vərəqə almağı da komandasına təsirsiz ötüşməyib.
Görüş həm də Rüstəm Bağırovun dörd qol vurması və bombardirlər yarışına başçılıq etməsi ilə yadda qalıb.
“Baku Fire” – “Araz-Naxçıvan” - 2:2
Qollar: Kənan Manafov, 16:33, Fərid Abbasov, 27:22 - Luicci Longo, 19:50, Filipinyo, 37:48
“Neftçi” İK – “Lənkəran” - 13:1
Qollar: Lukas Dias Ramos, 0:13, 21:14, İaqo Henrique, 3:47, 15:11, Əjdər Əjdərov, 18:15, Allef Maiolli, 20:54, 29:51, 35:10, Hadi Ahmadi, 25:28, 25:53, Mehdi Ahanqari, 26:40, Emil Həsənzadə, 33:44, Bəyoğlan Vəlizadə, 36:49 (pen.) // Orxan Qədirov, 27:55
Qırmızı vərəqə: Vladislav Reznov, 22:15
U-19 – “Şuşa” - 4:8
Qollar: Oqtay Mahmudzadə, 4:43, Pünhan Qasımzadə, 5:28, Fərid Kərimli, 24:56, İsmayıl Əhmədov, 31:35 // Namiq Məmmədkərimov, 1:45, 11:41, Vladislav Vorobyev, 8:58, Rüstəm Bağırov, 22:04, 31:14, 33:27, 36:56, Adil İsmayılov, 37:33
Qırmızı vərəqə: Oqtay Mahmudzadə, 11:40