
"Şahdağ-Qusar"ın prezidenti Rahid Əmirquliyev yaxın qohumunu komandaya gətirib.
Sportnet.az-ın məlumatına görə, bu, 19 yaşlı yarımmüdafiəçi Rail Əmirquliyevdir.
Yeniyetmə futbolçu Rahid Əmirquliyevin qardaşı Fair Əmirquliyevin oğludur. F.Əmirquliyev də vaxtilə futbolçu olub, hazırda isə Qusarda məşqçilik fəaliyyəti ilə məşğuldur.
Rail Əmirquliyev "Şahdağ Qusar"ın heyətində I Liqada sentyabrın 24-də səfərdə "Səbail"ə qarşı matçda debüt edib. O, 84-cü dəqiqədə Ramin Abdullayevin əvəzinə meydançaya daxil olub. İlk 2 turda isə kiçik Əmirquliyev sonadək ehtiyatda oturub.
Rail Əmirquliyev Qusar futbol məktəbinin yetirməsidir. O, "Şahdağ Qusar"dan əvvəl "Kəpəz"də də çıxış edib.
Xatırladaq ki, Rahid Əmirquliyevin oğlu Ramil Əmirquliyev də futbolçudur. O, 2024/2025 mövsümündə "Qarabağ"ın heyətində AFFA U-14 Liqasının çempionu və mövsümün ən yaxşı futbolçusu olub.