
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə "Qəbələ"yə 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının VI tur matçından sonra mətbuat konfransı keçirib.
Sportnet.az-ın məlumatına görə, 53 yaşlı mütəxəssis oyunu dəyərləndirdikdən sonra jurnalistlərin suallarına cavab verib:
- Futbolçularımı təbrik edirəm. Kaxaber Tsxadadzeyə ancaq təşəkkür düşür. İntizamlı oyun, bərk müdafiə, təhlükəli əks-hücumlar... 90 dəqiqə 10 nəfərlə oynamalarına baxmayaraq komanda əzmkarlıq, oyun intizamı göstərdi. Belə komanda, belə iş görəndə qarşıdakı oyunlarda daha da ciddi oluruq. Tsxadadzeyə və komandasına uğurlar arzulayıram. Özümüzə gəldikdə, vacib qələbə idi. Bəlkə də oyun düşündüyümüzdən fərqli alındı. Qarşımızda yaxşı, bərk müdafiə olunan komanda var idi. Qolu düşünülmüş hücumdan sonra vurduq. Bəzi elementlər var idi ki, onları meydanda gördüm. Hər bir halda bu, az idi. Daha çox etmək lazım idi. Bəlkə də rəqib ilk dəqiqələrdən azlıqda qaldı deyə, arxayınlıq oldu. Buna baxmayaraq, qələbə üçün futbolçularım xeyli güc itirdilər. Sona qədər bizimlə birlikdə olan azarkeşlərimizə təşəkkür edirəm.
- Düşündünüzmü ki, hakim rəqibə qırmızı vərəqə verməsə, daha yaxşı olardı və komandanızı sınaqdan çıxarardınız?
- Belə bir fikir ağlıma gəldi. Ona görə yox ki, komandamı daha çox sınaqdan keçirim. 11-11-ə oynasaydıq, bilmək olmazdı nəticə necə olacaqdı. Sadəcə, rəqibi də düşünmək lazımdır. Bir həftə bizimlə oyuna hazırlaşıblar. Birdən-birə düşünülməmiş qırmızı vərəqə rəqib həmkarımın da oyun planını pozur. Bəlkə bizim də planımızı pozdu, çünki biz də bir qədər fərqli yanaşmışdıq. Əvvəlcə düşündüm ki, qırmızı vərəqə verməyəcək. Epizoda baxanda isə dedim ki, yəqin, verəcək. Bəzən belə hallar hər iki komandaya gələcəkdə fayda verir. Çünki rəqibin xarakteri bir qədər də gücləndi. Kənardan baxanda görürdüm ki, futbolçular bir-birilərinə dəstək olur, məğlub olmaq istəmirdilər. Eləcə də bizə. Rəqib ilk dəqiqələrdən azlıqda oynasa da, hazırlaşdığımız, düşündüyümüz hücumlarımızın sayı az oldu. Bizim də qarşıdakı oyunlarda daha da diqqətli, daha da məsuliyyətli olmaq mütləq vacib olacaq.
- Sanki sizin futbolçularınız "Kopenhagen"lə matçdan öncə zədələnməmək üçün bir az ehtiyatlı oynayırdılar. Öncədən belə bir strategiyanız var idi, yoxsa...?
- Qətiyyən. Nə məndə, nə futbolçularda belə fikir var idi. Biz hər oyunda meydana maksimum nəticə üçün çıxırıq. Sonadək mübarizə aparmasaq, qarşıdakı oyunda sağlam olmağı düşünsək, oyunumuz da alınmaz.
- "Kopenhagen"lə oyun ərəfəsində komandanın hazırlıq durumunu necə gördünüz?
- Bizim üçün çempionatda hər oyun vacibdir. Bu oyunların hamısı 3 xallıqdır. "Kopenhagen"lə matçı düşünərək, oynamırdıq. Sadəcə, ola bilər ki, heyət həmin oyuna görə formalaşıb. Çempionlar Liqası matçında 1-2 dəyişiklik ola bilər. Bunlar tam fərqli oyunlardır. Rəqiblər fərqlidir. Burada başqa cür hücumlar edirik, orada başqa fikirlər olacaq. Çünki "Qəbələ" 5 müdafiəçi ilə oynayır, "Kopenhagen" isə 4 müdafiəçi ilə. Bəzən onlar da "beşli" müdafiə sistemində çıxış edirlər. Son oyunlarında rotasiya etmişdilər, amma 5-li müdafiə ilə meydana çıxmışdılar. Bakıda fərqli oyun ola bilər. Sadəcə, futbolçuların idman formalarında ayrı-ayrılıqda disbalans var idi. "Benfika" ilə səfər matçımızdan sonra "Araz-Naxçıvan"la qarşılaşmada da rotasiyalar etmişdik. İnanıram ki, "Kopenhagen"lə oyunda futbolçuların hazırlıq səviyyəsi daha yaxşı olmalıdır.
- "Qəbələ"nin gənc futbolçusu Şahin Şahniyarov haqqında fikirləriniz necədir: Onu nəzarətdə saxlayırsızmı və gələcəkdə onu "Qarabağ"a cəlb etməyi düşünürsünüz?
- Belə futbolçuların əsas heyətdə oynamalarına sevinirəm. Çox məsuliyyətli mövqedə oynayır. Kaxaber Tsxadadze kimi baş məşqçi güvənirsə, bu, onun potensialından xəbər verir. Belə oyunçuların hər biri bizim diqqətimizdədir, onları daim izləyirik. Sol və sağ cinah müdafiəçiləri də bərk idilər. Çox bəyəndim. Baxmayaraq ki, qarşılarında Leandro Andrade, Abdullah Zubir, Oleksiy Kaşuk, Emmanuel Addai var idi. Onlara birəbir mübarizələrdə çox asanlıqla məğlub olmadılar. Ümumiyyətlə, birəbir mübarizələrdə çox fəal çıxış edirdilər.
- Nəriman Axundzadənin "Kopenhagen"lə matçda heç olmasa 15 dəqiqə oynama ehtimalı var?
- Bəli, var.
- "Qarabağ" "Kopenhagen"i nə dərəcədə təhlil edə bilib?
- Tam təhlil etməmişik. Bu oyundan sonra daha yaxından, daha çox analiz etməyə başlayacağıq. Ümumi məlumatımız var, amma ayrı-ayrı detallara qarşıdakı günlərdə baxacağıq.
- Yeni gələn Ramil Şeydayev "Qarabağ"dan gedən Ramil Şeydayevin neçə faizidir?
- Faiz nisbətini demək bəlkə də düzgün olmaz. Amma hələ hazır deyil. Bizdəki əvvəlki performansı ilə indiki performansı arasında fərq var. Təcrübəli oyunçudur. Fiziki qabaritləri və hazırlığı onun ən üstün cəhətlərindən biridir. Eyni zamanda o, fiziki durumunu bərpa edə biləcək futbolçulardandır. Xeyli müddət oyunlarda iştirak etmədi. Sadəcə, ona oyun təcrübəsi lazım olacaq. Bu da bizə qarşıdakı matçlarda faydalı olacaq. Çünki bəzi rotasiyalar edəcəyik. Oynadıqca gec-tez keçmiş formasına qayıda biləcək. Məşqlərdəki performansına baxsaq, çox da fərq yoxdur. Amma əvvəlki ilə müqayisədə, bəli, fərq var.
- Bir az əvvəl transfer olsaydı, Çempionlar Liqasının iştirak ərizəsində adı ola bilərdi?
- Bəli, ola bilərdi.