"Turan Tovuz"un qapıçısı Sergey Samok səfərdə "Neftçi"yə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXIII tur matçından sonra brifinq keçirib.
Sportnet.az həmin müsahibəni təqdim edir:
- Görüşü necə şərh edərdiniz?
- Ağır oyun alındı. Qol epizodlarımızın sayı çox olmadı. Nə bizdə, nə də rəqibdə. İlk hissədə "Neftçi"nin cinah ötürmələri təhlükəli alınırdı. Lakin müdafiəçilərimiz bunun öhdəsindən gəldilər. Amma ümumilikdə bu, qələbədir.
- Yəqin ki, oyundan əvvəl "Zirə"nin "Kəpəz"lə görüşdə xal itirdiyini bilirdiniz. Bu məqam motivasiyanızı daha da artırmışdı?
- Açığı, oyundan əvvəl bunu bilmirdim. Yalnız "Neftçi" ilə matçımız başa çatdıqdan sonra eşitdim ki, "Zirə" xal itirib. Bu, məni xoş mənada təəccübləndirdi. Lakin indidən nəsə demək olmaz. Çünki qarşıda hələ 10 tur var. Odur ki, hər matçda qələbə qazanmağa çalışmalıyıq.
- Ardıcıl 8 oyundur qapınızdan top buraxmırsınız. Bunu necə şərh edərdiniz?
- Təbii ki, 8 oyunda qol buraxmamağımız yaxşı haldır. Bu, bütün komandanın xidmətidir. Təkcə mənim deyil, müdafiəçilərin də rolu var. Çünki zərbələri buraxmırlar.
- Demək olar ki, "Turan Tovuz" bu qələbə sayəsində bürünc medala doğru vacib addım atdı?
- Əlbəttə. Amma "Neftçi" də yaxşı komandadır. Aramızdakı böyük xal fərqinə baxmayaraq, onların riyazi cəhətdən bizi ötmək şansları var idi. Amma qarşıda hələ çoxlu oyun var. Erkən sevinməyə dəyməz.
- Kurban Berdıyev mətbuat konfranslarında az danışır. Daha dəqiq desək, suallara konkret və lakonik cavab verir. Maraqlıdır, bu cür vacib qələbələrdən sonra paltardəyişmə otağında da eyni tərzdə çıxış edir?
- Hər dəfə fərqli olur. "Neftçi" ilə matçda qələbə çox vacib idi. Hamı sevinirdi, elə Kurban Bekiyeviç də. O, məşqlərdə də, oyunlardan sonra da çox danışmır, amma lazımi sözləri deyir.
Haşım MƏMMƏDOV












































































