
"Neftçi" Kamerun millisinin futbolçusu Vensan Abubakarı transfer edib.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 33 yaşlı hücumçunu gətirən təyyarə bu gecə saat 23:30-da Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş edəcək.
Abubakar təyyarədən paylaşım edərək, "Əziz "Neftçi" azarkeşləri, sizin üçün gəlirəm. Görüşərik" deyib.
Hələlik müqavilənin müddəti açıqlanmayıb.
Qeyd edək ki, Vensan Abubakar Fransada "Valensyen", "Loryan", Portuqaliyada "Portu", Səudiyyə Ərəbistanında "Əl Nəsr", Türkiyədə "Beşiktaş" və "Hatayspor"un formasını geyinib. O, 2010-cu ildən dəvət aldığı Kamerun millisində 115 oyuna 45 qol vurub.