“2:0 hesabını qoruya bilmədik, bu, komandamızın problemidir”.
Bunun “Qəbələ”nin futbolçusu İbrahim Sanqare səfərdə "İmişli" ilə 2:2 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının VIII tur matçından sonra Sportnet.az-a açıqlamasında deyib.
Kot d ivuarlı legioner çətin keçən qarşılaşmanın yekununda 2 xal itirdiklərini bildirib: "2:0 hesabı ilə öndə olduğumuz halda, son nəticənin 2:2 olmasını qəbul etmək bizim üçün asan olmadı. Düşünürəm ki, çoxsaylı imkanlarımızı dəyərləndirə bilmədik. Hücumda fəal idik, amma son nöqtəni qoya bilmədik. Bu səbəbdən, 2 vacib xal itirdik".
28 yaşlı yarımmüdafiəçi Quba Olimpiya İdman Kompleksinin stadionunda yağışlı havanın meydançada problemlər yaratması səbəbindən oynamağın çətinliyindən də bəhs edib: "Meydanın vəziyyəti yaxşı deyildi, bu da oyunumuzu xeyli çətinləşdirdi. Bu gün hücum xəttimizdə problemlər var idi. Qol vura bildik, amma hesabı qoruyub saxlaya bilmədik. Bu, ümumilikdə komanda problemi idi. Biz hər oyuna yalnız qələbə üçün çıxırıq. Qarşıda bir həftə vaxtımız var toparlanmaq üçün və növbəti oyunda daha yaxşı çıxış edib qalib gəlməyə çalışacağıq”.















































































