
"Araz-Naxçıvan" klubu səfərdə "Neftçi"yə qarşı keçirdikləri Azərbaycan Premyer Liqasının VIII tur matçındakı mübahisəli qərarla bağlı AFFA-ya yazılı müraciət edib.
Bu barədə Sportnet.az-a Naxçıvan təmsilçisinin icraçı direktoru Eldəniz Yusubov məlumat verib.
Onun sözlərinə görə, müraciətdə AFFA-dan 56-cı dəqiqədə "Neftçi"nin vurduğu qol epizodunun VAR görüntüləri istənilib.
Yusubov bildirib ki, həmin epizodda əvvəlcə ofsayd qeydə alınıb, ardından VAR müdaxiləsi ilə qol sayılıb: "Xahiş etmişik ki, ofsayd xəttinin çəkildiyi görüntünü bizə təqdim etsinlər. Həmin görüntünü və AFFA Hakimlər Komitəsinin şərhini gözləyirik. Şifahi olaraq bizə deyilib ki, müraciətinizə cavab veriləcək".
Klub rəsmisi baş hakim Fərid Hacıyevin idarəçiyi ilə bağlı hazırda fikir bildirmək istəmədiklərini diqqətə çatdırıb: "Sadəcə, VAR müdaxiləsinin hansı görüntü əsasında edilməsi bizdə şübhə doğurdu. Bunu da AFFA-ya rəsmən bildirmişik. Bu məsələdə kiminsə qərəzli olduğunu iddia etmirik. Aydınlaşdırmaq istəyirik ki, əvvəlcə ofsayd olduğu bildirildiyi halda, sonradan hansı əsasla təmiz qol olduğu deyildi. VAR görüntülərindən asılı olaraq məsələyə reaksiya bildirəcəyik. Bəlkə doğrudan da epizod hansısa qaydalar çərçivəsində şərh olunacaq? Ona görə də indidən hər hansı fikir bildirməyimiz doğru deyil".
İcraçı direktorun sözlərinə görə, mübahisəli epizod zamanı referi VAR-ın işləmədiyi barədə kapitan Urfan Abbasovu məlumatlandırıb və üstəlik, ikinci hissə başlayarkən, bu barədə CBC Sport-un canlı yayımında şərhçi Şəmsəddin Abbasov da məlumat verib: "Deməli, hansısa texniki səbəb də ola bilər, haradansa qaynaqlanan problem də. Hər halda, baş hakim kapitanımızı qaydalara uyğun olaraq, məlumatlandırıb. Məndə olan məlumat budur. Qalan məsələləri bizə rəsmi cavab verilmədən şərh etməyə ixtiyarım yoxdur".
Qeyd edək ki, mübahisəli qol nəticəsində "Neftçi" matçı 2:2 hesablı heç-heçə ilə başa vurub.