“Qarabağ”ın kabo-verdeli futbolçusu Leandro Andrade Avropa futbolu tarixində nadir bir uğura imza atıb. Sportnet.az-ın məlumatına görə, Andrade fərqli UEFA turnirlərində — Çempionlar Liqası və Avropa Liqası — hər ikisində ilk dəqiqədə qol vuran ilk futbolçu olub. Andrade klubun rəsmi saytına müsahibəsində bu və qarşıdakı oyunlar barədə danışıb:
– Avropa futbolunda tarix yazmısınız. Çempionlar Liqası və Avropa Liqasında fərqli oyunlarda ilk dəqiqədə qol vuran ilk futbolçu oldunuz. Bu xəbəri eşidəndə hansı hissləri keçirdiniz?
- Açığı, təəccübləndim. Oyundan sonra xəbərləri görənə qədər bu rekordu qırdığımı bilmirdim. Bu, mənim üçün xoş bir sürpriz oldu. Belə bir nəticə əldə etdiyimə görə şadam. Həmin gün daha yaxşı ola biləcək yeganə şey oyunu qazanmaq olardı.
– “Heken” və FCSB-yə ilk dəqiqədə vurduğunuz qollardan sonra “Atletik Bilbao”ya qarşı da eyni hal təkrarlandı. Bu ardıcıllıq təsadüfdür, yoxsa Qurban Qurbanovun tapşırıqlarının nəticəsidir?
- Bu, təsadüfi deyil. Baş məşqçimiz Qurban Qurbanov daim bizə ilk dəqiqədən diqqətli və fokuslanmış şəkildə başlamağı tapşırır. Mən də çalışıram ki, bunu meydanda maksimum dərəcədə tətbiq edim. Əlbəttə, bu statistikanı artırmaq istəyirəm, amma növbəti dəfə təki oyunun sonu qələbə ilə bitsin. Bilbaoda fərdi tarix yazdım, amma “Heken”lə qarşılaşmada biz komanda kimi tarix yaratdıq, çünki o qələbə ilə pley-off mərhələsinə vəsiqə qazandıq. Mənim üçün ən sevimlisi də məhz həmin oyunda vurduğum qoldur.
– “Atletik”lə görüşdə erkən qol vursanız da, nəticə istədiyiniz kimi olmadı. Oyunda nələri daha yaxşı etmək olardı?
- Oyunda həm yaxşı, həm də pis anlarımız oldu. Düşünürəm ki, Bilbaoda daha yaxşı oynamaq potensialımız var. Nəticəyə görə məsuliyyət bizə aiddir, daha yaxşı çıxış edə bilərdik. Aleksey Kaşukun epizodu ilə oyunun taleyini dəyişmək ərəfəsində idik. O, fürsəti qaçırmadı, sadəcə çox düzgün qərar verdi, amma Yuri Berçiçenin müdaxiləsi həqiqətən möhtəşəm idi — bunun da haqqını vermək lazımdır.
– Növbəti turda, noyabrın 5-də “Qarabağ” Bakıda “Çelsi” ilə qarşılaşacaq. Komandanın əhval-ruhiyyəsi necədir?
- Çelsi”yə qarşı oyun çox həyəcanlı olacaq. Amma etiraf edim ki, indi hələ o matç haqqında yox, daha çox hazırlıq prosesi barədə düşünürəm. Qarşımızda iki liqa oyunu var, məşqlərdə bəzi detalları təkmilləşdirməliyik. Komandanın məqsədi hər görüşdə bir az da inkişaf etməkdir. Mən də hazırda buna fokuslanmışam.






































































