Bu gün İspaniya La Liqasında X turun "Real Madrid" - "Barselona" matçı keçiriləcək.
Sportnet.az xəbər verir ki, Madriddəki "Santyaqo Bernabeu" stadionunda təşkil olunacaq "El Klasiko" Bakı vaxtı ilə saat 19:15-də başlanacaq.
Oyunu baş hakim Sesar Soto Qrado idarə edəcək.
9 turdan sonra 24 xalla liderlik edən "Real Madrid" ikinci yerdəki "Barselona"nı 2 xal qabaqlayır. Lakin Kataloniya komandası ötən mövsüm "kral klubu" ilə 4 görüşün hamısından qalib ayrılıb.
Bu mövsüm paytaxt təmsilçisi Karlo Ançelottinin yox, Xabi Alonsonun rəhbərliyi altında çıxış edir. Komandanın cəmi bir məğlubiyyəti var ki, bu da "Atletiko" ilə derbidə baş verib. La Liqa və Çempionlar Liqasındakı qalan bütün matçlarda qələbə əldə olunub.
Elə "Barselona" da çox geridə deyil. Kataloniyalılar La Liqada "Sevilya"ya, Çempionlar Liqasında son qalib Fransa PSJ-sinə uduzublar. 2 xal geridə olmaları isə hələ avqustda "Rayo Valyekano" ilə heç-heçə üzündəndir.
"El Klasiko"da "Barselona"ya baş məşqçi Hans-Diter Flik texniki zonadan rəhbərlik edə bilməyəcək. Almaniyalı mütəxəssis ötən tur "Jirona"nı 2:1 hesabı ilə yendikləri ev oyununda iki sarı vərəqə alaraq, cəzalı duruma düşüb.
Qeyd edək ki, bu, 2025/2026 mövsümünün ilk "El Klasiko"su olacaq.









































































