"Neftçi"nin kapitanı Emin Mahmudov səfərdə "Qəbələ"yə 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının IX tur matçından sonra Sportnet.az-a müsahibə verib. 33 yaşlı mütəxəssis öncə oyunu dəyərləndirib:
- İlk 15 dəqiqəni çox yaxşı keçirdik, amma sonradan çoxlu top itkilərinə yol verdik. Buna görə “Qəbələ”yə güvən verdik və onlar bizdən daha yaxşı oynamağa başladılar. Topla da oyunun ritmini itirdik. Sevinirik ki, sonda yaxşı nəticə qazandıq, qələbə əldə etdik və yolumuza davam edirik.
– Abubakar meydana daxil olduqdan sonra oyun dəyişdi. O, bir az da formaya düşsə, komandaya nə dərəcədə kömək edə bilər?
- Bizim ona böyük ümidimiz var. Çünki peşəkardır və çox yaxşı motivasiya ilə gəlib. Bu oyunda da onun xeyrini gördük, inanıram ki, bundan sonra da faydasını görəcəyik.
– Komanda ilə bir neçə gündür məşq edirsiniz. Bəzən xarakteri ilə bağlı çətinliklərdən danışırlar. Onun davranışı necədir?
- Mən onu çox peşəkar futbolçu kimi görürəm. Məşqlərə birinci gəlir, axırıncı gedir, daim öz üzərində işləyir. Onun uğurlu olması təsadüfi deyil.
– Növbəti oyunlarda qələbələrin ardı gələcəkmi?
- Əslində, keçən oyunlarda bundan daha yaxşı çıxış etmişdik. Sadəcə, qələbə qazana bilməmişdik. Bu dəfə isə “Qəbələ” bizdən daha yaxşı oynadı, amma biz qalib gəldik. Futbolda bəzən belə hallar olur — çox yaxşı oynayırsan, amma uduzursan. Bəzən də əksinə, rəqib üstün olur, amma sən qələbə qazanırsan.
– Növbəti oyun “Kəpəz”lə olacaq. Hazırkı mövqeyinə baxmayaraq, “Neftçi”yə hər zaman problem yaradan komandadır...
- Hər bir komanda çalışır ki, bizə problem yaratsın. Amma özümüz də əlimizdən gələni edəcəyik ki, növbəti oyunda da qələbə qazanaq.
Haşım MƏMMƏDOV













































































