ABŞ-ın "İnter Mayami" klubunun futbolçusu Lionel Messi 2026-cı il dünya çempionatında Argentina millisinin heyətində oynamaq istəyini bəyan edib.
Sportnet.az-ın məlumatına görə, bu barədə 38 yaşlı hücumçunun özü açıqlama verib.
O bildirib ki, DÇ-2022-nin qalibi olmuş yığma ilə yenidən mundiala qatılmaq inanılmaz olardı: "Formada olmaq və millidə vacib rol oynamaq istərdim. "İnter Mayami"nin mövsümöncəsi hazırlığının başlayacağı 2026-cı ilin əvvəllərində vəziyyəti dəyərləndirəcək və 100 faiz oynaya bilib-bilməyəcəyimə, komandaya nə dərəcədə faydalı olacağıma baxacaq, daha sonra qərar qəbul edəcəyəm".
Xeyli həyəcanlı olduğunu deyən Messinin fikrincə, titulu qorumaq çox əla olardı: "Xüsusən rəsmi oyunlarda yığmada çıxış etmək bir xəyaldır".
Qeyd edək ki, DÇ-2026 ABŞ, Kanada və Meksikada 11 iyun - 19 iyul 2026-cı ildə keçiriləcək. Argentina millisi artıq mundiala vəsiqə qazanıb.














































































