Vüqar MƏMMƏDOV
Qurban Qurbanov son turdakı “Şamaxı” ilə görüşdən sonra hakimlikdən narazılığını bildirdi. O dedi ki, oyun çox dayanır və hakim buna nəzarət etməlidir.
Bir neçə tur öncə “Zirə”nin qapıçısı Tyaqo Silva da müsahibəsində eyni sözləri söyləmişdi və əlavə etmişdi ki, hakimlər bəzən futbolçulardan çox televizorda görünmək istəyirlər.
Maraqlı məqamdır.
Doğrudanmı, oyunun idarəçisi olan hakim televizorda – yəni diqqət mərkəzində olmağa çalışmalıdır?
Xeyr.
Hakim diqqət mərkəzinə özünü salmağa çalışmamalıdır. O bütün idarəçiliyi ilə elə davranmalıdır ki, diqqət mərkəzində futbolçular və oyunun özü olsun. Matç bitdikdən sonra hakim deyil, oyun müzakirə olunmalıdır. Hətta “hakim oyunu yaxşı idarə etdi” kəlməsi də olmamalıdır. Əgər bu deyilibsə, deməli, hakim oyunun içində görünməz qalmayıb.
Yaxşı hakim odur ki, meydanda var, amma onu hiss etmirsən. Oyunun ritminə uyğunlaşan, özünü önə çıxarmayan, sanki görünməyən biridir.
Bəzən elə hallar olur ki, hakim oyuna çıxarkən topu atıb tutur, ya da hansısa jestlə diqqəti özünə yönəldir. Bu, sırf diqqət çəkməkdir. Ən kiçik bir detal belə olmamalıdır. Təbii ki, televiziya operatoru da tez-tez kameranı hakimə tuşlamamalıdır. Xarici ölkələrdə buna xüsusi diqqət yetirilir — kameralar oyuna, epizodlara fokuslanır. Bizdə isə bəzən hakim ekranda həddən artıq görünür.
İnsan eqolu varlıqdır. Hər kəsin içində görünmək, tanınmaq istəyi var. Amma futbol elə bir oyundur ki, burada hakim baş roldadır, lakin arxa planda qalmalıdır. Hər şey sənin qərarlarından asılıdır, amma nəzərə çarpmamalısan.
Təbii ki, bir insan olaraq bu cür davranmaq çətindir. Amma belə olmalıdır. Hakim sanki, meydanda var, amma gözəgörünməzdir.
Sonda 2019-cu ildə keçmiş sovet hakimi Eldar Əzimzadə ilə bağlı paylaşdığım statusla yazını bitirmək istəyirəm:
İdman TV-də, "Oyunun hakimi" verilişində 1982-ci dünya çempionatına aid kadr göstərilirdi. Fransa – Küveyt oyununda şeyx meydanın kənarına düşür və və hakimə qolu ləğv etdirə bilir. Həmin hakim SSRİ-dən Miroslav Stupar idi və onun bu qərarı o vaxt sovet hakimliyi adına rüsvayçılıq kimi qiymətləndirilmişdi.
Azərbaycanlı hakim Eldar Əzimzadə ölümündən bir müddət əvvəl verdiyi müsahibəsində deyirdi ki, 1982-ci ildəki dünya çempionatına o getməli idi. Lakin Koloskovun Əzimzadəni istəməməsi buna mane olub.
Eldar Əzimzadə 1982-ci il dünya çempionatına getsəydi bəlkə də finalı idarə edərdi. Qeyd edək ki, bundan iki il əvvəl, 1980-ci il olimpiadasının futbol finalını o idarə etmişdi və idarəçiliyi yüksək qiymətləndirilmişdi.
Əzimzadə SSRİ-nin ən yaxşı hakimlərindən hesab edilirdi. "Dinamo" Kiyevlə "Spartak" arasında keçirilən oyunlarda dəfələrlə fit çalmışdı. Yaşlı futbol azarkeşləri təsdiqləyər ki, həmin oyunları bu gün "Real"-"Barselona" görüşü ilə müqayisə etmək olar.
Onu da əlavə edim ki, Eldar Əzimzadə ömrünün sonunu çətin vəziyyətdə yaşadı və öləndən sonra da çox tez unuduldu. "Yaxşı hakim oyunda nəzərə çarpmamalıdır" deyirlər. Eldar Əzimzadə təkcə meydanda yox, həyatda da, həyatdan gedəndən sonra da nəzərə çarpmadı.