Vensan Abubakar təkcə "Neftçi" deyil, Azərbaycan futbolu üçün bir tapıntıdır. Ölkə futbolunun inkişafı baxımından bu cür ulduzlara çox ehtiyac var. Xüsusən də hücumçulara, qolçulara!
Hər cür müqayisə qüsurlu olsa da, 1999-2000-ci illərdə "Neftçi"də çıxış etmiş ukraynalı Leonid Kalfa da belə bir xüsusiyyətlərə malik forvard idi. O da mövsümün ortalarında gəlmişdi, amma o qədər gözəl başlanğıc etdi ki, qol vurmadığı oyun yox dərəcəsində idi. Həmin mövsüm "Neftçi"nin medalçılar siyahısına düşməsində böyük pay sahibi oldu.
Hər bir klubun öz strategiyası, fəlsəfəsi olur. "Neftçi" daim liderə ehtiyacı olan, lider kimi qəbul olunan komandadır. "Ağ-qaralar"ın uğursuzluqlarının əsas səbəbi vahid liderin olmamasındadır. İstər klub rəhbərliyi, istərsə də komanda səviyyəsində.
Deyəsən, hər iki problem həllini tapmağa başlayır. Abubakarda qolçuluqla yanaşı, həm də liderlik keyfiyyətləri var. Onun hər qoldan sonra komanda yoldaşlarını öz ətrafına toplayıb sevincini hər biri ilə paylaşması həm də bir xarakter göstəricisidir.
Hiss olunur ki, futbolçular da onun sadəliyinə müsbət reaksiya verir, ona qarşı "Qoca futbolçunun komandada nə işi var?" kimi qısqanclıqla yanaşmırlar. Əksinə, Abubakardan motivasiya alır, ilhamlanırlar.
Neftçi" son 3 gündə "Qəbələ" və MOİK-i məğlub edib və hər iki halda Abubakar böyük pay sahibi olub. Bu rəqiblər elə də güclü deyillər, amma daha güclü rəqiblərlə, lap elə XI turda "Qarabağ"la da oynaya biləcək qabiliyyətdədir.
Seymur







































































