 
Azərbaycan millisinin və Almaniya "Kayzerslautern"inin futbolçusu Mahir Emrelinin meneceri Mateuş Ojoq Bakıya gələcək.
Bu barədə Sportnet.az-a polşalı funksionerin özü məlumat verib.
O, Azərbaycan futbolunu izlədiyini və bir neçə matça baxmaq istədiyini bildirib. Ojoq "Qarabağ"ın İngiltərənin "Çelsi" komandasına qarşı noyabrın 5-də keçirəcəyi UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV tur matçı zamanı Tofiq Bəhramov adına Respublika stadionunda olacağını da diqqətə çatdırıb: "Əvvəllər "Qarabağ"ın avrokubok matçlarını izləmişəm, amma sonuncu dəfə baxdığım qarşılaşmadan artıq bir neçə il keçib. Bəlkə Azərbaycana səfərimdən sonra birbaşa təəssüratlarım olar".
Ojoq səfərinin Emrelinin "Qarabağ"a mümkün keçidi ilə bağlı olmadığını da açıqlayıb. O, Azərbaycan klubu ilə heç vaxt əlaqədə olmadığını və bu barədə danışıqlar aparılmadığını əlavə edib.
Qeyd edək ki, Mateuş Ojoq Mahir Emrelinin hazırkı durumu və bu bu futbolçuya dair gündəmdə olan digər məsələlərlə bağlı Sportnet.az-a eksklüziv müsahibə verib. Müsabibə ilə tezliklə tanış ola bilərsiniz.








 
                 






 
     
     
     
     
     
     
     
     
     
    





















































