VI İslam Həmrəyliyi Oyunlarındakı ilk matçında Liviyaya 5:4 hesabı ilə qalib gələn futzal üzrə Azərbaycan millisində Fərid Abbasov "het-trik"lə diqqət mərkəzinə düşüb.
Sportnet.az xəbər verir ki, gənc futzalçı matçla bağlı fikirlərini azfutzal.az-la bölüşüb.
O, hər bir komanda üzvünün meydanda əla mübarizə apardığını bildirib: "Hazırkı baş məşqçinin rəhbərliyi altında ilk oyunumuz idi. Çalışdıq ki, həm nəticə yaxşı olsun, həm də oyun planında fərqlənək. Düzdür, İslam Həmrəyliyi Oyunlarında ilk matçımız idi, buna görə də komandamızda həyəcanlı olanlar da var idi. Ancaq hamımız qələbə qazanacağımıza inanırdıq. Rəqibi zəif hesab etmirdik, özümüzə inamımız böyük idi. Əlbəttə, heç bir qələbə asan qazanılmır. Oyun gərgin keçdi. Standart vəziyyətlərdən asan qollar buraxdıq. Bunun da müəyyən obyektiv və subyektiv səbəbləri var. Amma daha çox milli komandanın düşərgəsində az olmağımızla əlaqələndirərdim".
Abbasov millidəki ilk het-trikindən də danışıb: "Qol vurmaq vacibdir, əsas olan komandaya kömək etmək, irəli getməsində pay sahibi olmaqdır. Zəfər günlərini yaşadığımız vaxtda millinin də bu sevincə qatqısı olmasını istəyirdik”.







































































