“Güclü rəqiblə qarşılaşdıq. Onlar dünya çempionatına vəsiqə qazanmış və təcrübəli futzalçılardan qurulublar. Bizim heyətdə yer alanların əksəriyyəti gənclərdir və beynəlxalq oyun təcrübəsi baxımından onlardan geri qalırdıq".
Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycan millisinin futzalçısı Kənan Manafov VI İslam Həmrəyliyi Oyunlarında A qrupunun ilk tur oyununda Liviya üzərində 5:4 hesablı qələbəni azfutzal.az-a şərh edərkən deyib.
Təcrübəli oyunçu bildirib ki, İslamiadaya hazırlıq prosesi qısa zaman kəsiyini əhatə edib: "Bunlar oyundan öncəki durum idi. Meydanda isə əzmkar, istəkli, sona qədər mübarizə aparan bir kollektiv olduq. “Döyüşkənliyimizin nəticəsi olaraq sonda qələbə və 3 xal qazandıq”.
Futzalçı növbəti rəqib - Özbəkistan millisi haqqında danışıb: "Rəqibimiz turnirin favorit komandalarından hesab edilir. Səudiyyə Ərəbistanı ilə görüşlərini izlədik. Liviyadan daha güclü kollektivdirlər. Çətin olacaq, ancaq mübarizəmizi sona qədər davam etdirəcəyik. Qazanılan hər bir qələbə, xal və ya xallar özünəinamı artırır”.
Hücumçu millinin qarşısına qoyulan ilkin tapşırığı da açıqlayıb: “Komandanın hədəfləri var. İlkin tapşırıq qrup mərhələsindən yarımfinala yüksəlməkdir. Addım-addım hədəfə doğru irəliləyəcəyik”.
Futzalçı sonda təşkilatçılığın yüksək olduğunu vurğulayıb: “İndiyə qədər hansısa problemlə qarşılaşmamışıq. İstər qaldığımız olimpiya kəndindəki şərait, istər qidalanma ilə bağlı vəziyyət, istərsə də oyun və məşq zalları mükəmməldir. Rəhbərlik də daim komandanın yanındadır. Qalır qarşıya qoyulan tapşırığı yerinə yetirmək, Bakıya medalla qayıtmaq”.









































































