“Rəqibi qələbə münasibətilə təbrik edirəm. Bu cür oyundan sonra nə isə demək çətindir. Azarkeşlərdən üzr istəyirəm. Real qol şanslarından istifadə edə bilmirik".
Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Kaxaber Tsxadadze evdə "Sumqayıt"a 0:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XI tur matçından sonra mətbuat konfransında deyib.
Gürcüstanlı mütəxəssis qapılarına təyin olunmuş penalti epizodu barədə də danışıb: "Başa düşə bilmirəm ki, o epizodda necə əllə oynamaq olar? Çox ağır və çətindir. Mən hər dəfə özümə sual verirəm. Görəsən, nəyi səhv edirik? Fikirləşmək lazımdır ki, bundan sonra necə edək ki, bu cür səhvlərə yol verməyək. Hər oyunda kobud səhvlərimiz qolla nəticələnir və bu da yekun nəticədə özünü göstərir".
"Mən kiməsə zəif görünmək istəmirəm. Ona görə, işimin başındayam. Söz vermişəm, bu sözü sona qədər yerinə yetirəcəyəm”, - deyə o, əlavə edib.
Tsxadadze jurnalistlərin digər suallarını da cavablandırıb:
- Əvvəlki mətbuat konfranslarının birində demişdiniz ki, bəzi futbolçuların səviyyəsi Premyer Liqaya uyğun deyil. Bu sözdən sonra onları oyunlara necə motivasiya edirsiniz?
- Mən bu sözü ehtiyat oyunçular skamyasında oturan futbolçular haqqında demişdim. Bir çoxlarında Premyer Liqa təcrübəsi çatmır. Təcrübəni deyirəm, səviyyəni yox. Heyətə baxsanız, görərsiniz ki, bir çox futbolçunun Premyer Liqa təcrübəsi yoxdur. Onlar təcrübəli oyunçularla mübarizədə çətinlik çəkirlər. Bu da normaldır. Mən özüm 18 yaşımda əsas heyətdə oynamışam. Futbolçu üçün bundan böyük motivasiya ola bilməz. Baş məşqçi 18-19 yaşlı oyunçuya şans veribsə, meydanda can qoymalıdır, özünü öldürməlidir. Baş məşqçi futbolçuya başqa necə motivasiya verə bilər?
- Asif Məmmədovun xidmətindən yararlanmağı düşünürsünüz?
- Asif bizim klubun əfsanəsidir. Bizə kömək edir. Yerli futbolçularla söhbətlərdə məşqçilər korpusuna köməklik göstərir. Fiziki durumu oynamağa imkan vermir. Asif çox yaxşı insandır.
- Komanda son oyunlarda qol vura bilmir. Bunun səbəbi nədir?
- Əlbəttə, bu, məni narahat edir. Nə qədər qol vəziyyəti yaradırıq, buna baxmaq lazımdır. Oyundan əvvəl Saşa İliçlə söhbət etdik. O da bizim komanda haqda müsbət sözlər dedi. Hər oyun 4-5 yüz faizli qol vəziyyətlərindən istifadə edə bilmirik. Bu da təcrübəsizlik və soyuqqanlı olmamaqdan irəli gəlir. Təcrübə qazandıqca soyuqqanlı olursan. Prins Ovusu 5 metrdən ötürmə verə bilmədi. Domi Massumo demək olar ki, boş qapıya düşə bilmədi. Penaltiyə qədər "Sumqayıt"ın qol epizodu yox idi.
- "Karvan-Yevlax" və "Kəpəz" qalib gəlsə, sonuncu yerə düşəcəksiniz. Mövsüm başlayanda belə ssenarinin olacağını düşünürdünüz?
- Əlbəttə, belə olacağını düşünməzdim. Bizim məqsədimiz Premyer Liqada qalmaq idi. Bunun üçün mübarizə aparırıq. Nəyisə atıb getmək asandır. Söz vermisənsə, axıra qədər üstündə durmalısan. Bir daha azarkeşlərdən üzr istəyirəm. Qışa qədər mübarizə aparmalıyıq. Qışda isə heyəti gücləndirməliyik. Güclü olmaq lazımdır.
- Hər dəfə deyirsiniz ki, heyətimiz gəncdir, futbolçuların təcrübəsi yoxdur. Bunu yayda düşünməmişdiniz?
- Sizinlə razıyam. Amma əvvəlki mətbuat konfranslarında bu məsələyə toxunmuşam. Bəli, heyətlə bağlı səhvlər olub. Qışa qədər bu söhbəti bağlayaq. İndi bu barədə danışmağın mənası yoxdur.








































































