Azərbaycan milli komandası Rövşən Nəcəfin AFFA prezidentliyi dövründə FIFA reytinqində 15 pillə, Cahangir Fərəcullayevin baş katibliyi dönəmində isə 10 pillə geriləyib.
Sportnet.az-ın məlumatına görə, bu, ali futbol qurumunun noyabrın 19-da açıqladığı son siyahı ilə onların işə başladıqları tarixdəki cədvəli müqayisə edərkən üzə çıxıb.
Rövşən Nəcəf AFFA prezidenti vəzifəsinə 2 aprel 2024-cü ildə seçilib. O, seçilənədək FIFA-nın axırıncı reytinq siyahısı 1 mart 2024-cü ildə dərc olunub. Bu siyahıda Azərbaycan millisi 1174 xalla 113-cü olub. Növbəti siyahı Rövnəq Abdullayevin "Kral öldü, yaşasın yeni kral" deyərək, milli assosiasiyanın rəhbəri postunu Rövşən Nəcəfə ötürdüyü tarixdən cəmi 2 gün sonra - 4 aprel 2024-cü ildə dərc olunub. Bu vaxt yığma bir pillə irəliləyərək 112-ci yerdə gedirdi.
"Mən Kral deyiləm" deyə sələfinə cavab verən Nəcəf bu sözlərinə "iş başında da əməl edib". 2024-cü il noyabrın 28-də - UEFA Millətlər Liqasında mübarizə yekunlaşdıqdan sonra D Liqasına enən Azərbaycan millisi 1159 xalla 117-ci olub.
Cahangir Fərəcullayevin baş katib vəzifəsinə təyin olunduğu 3 fevral 2025-ci ildən əvvəl reytinq siyahısı 20 yanvar 2025-ci ildə açıqlanıb. Həmin vaxt da milli 1159 xalla 117-ci olub. Fərəcullayev işə başladıqdan sonra ilk reytinq siyahısı 3 aprel 2025-ci ildə açıqlanıb. Həmin vaxt Azərbaycan millisi 1151 xalla 119-cu pillədə olub. Yəni, 2 pillə geriləyib.
10 iyul 2025-ci il reytinqində 1148 xalla 122-ci olan Azərbaycan millisi 18 sentyabr 2025-ci il reytinqində 1148 xalla 124-cü, 17 oktyabr 2025-ci il reytinqində 1142 xalla 123-cü, 19 noyabr 2025-ci il reytinqində 1133 xalla 127-ci pillədə yer alıb.

Nəcəfin AFFA prezidenti kimi çalışdığı 1 il 7 ay 15 gün və ya təxminən 20 aylıq dövr ərzində Azərbaycan millisi 2026-cı il dünya çempionatına vəsiqə uğrunda mübarizə məqsədilə iki nüfuzlu yarışa qatılıb. Əvvəlcə UEFA Millətlər Liqasında İsveç, Slovakiya və Estoniya ilə mübarizədə cəmi 1 xal yığa bilən yığma sonuncu yeri tutaraq, D Liqasına yuvarlanıb.
DÇ-2026-nın seçmə qrup mərhələsində Fransa, Ukrayna və İslandiya ilə D qrupundakı mübarizədə də cəmi 1 xal yığmaq mümkün olub. Milli komanda yenə sonuncu yerlə kifayətlənib.
Fərəcullayev bu turnirlərdən birincisində yox, ikincisində iş başında olub. Sentyabrın 5-də keçirilmiş ilk turda İslandiyaya 0:5 hesablı səfər məğlubiyyətindən sonra qətiyyətli davranaraq, Fernandu Santuşun baş məşqçi postundan qovulmasına nail olan Fərəcullayev bu vəzifəyə Ayxan Abbasovun gətirildiyini bəyan edib. Həmin 1 xalı məhz Abbasov sentyabrın 9-da Ukrayna ilə ev oyununda əldə edib.
Lakin qeyri-rəsmi məlumatlara görə, Santuşun qovulması AFFA-ya 1 milyon 800 min avro (3 milyon 700 min manat) təzminat bahasına başa gəlib.













































































