"Mövsümün sonunda karyeramı başa vuracağıma dair iddialar real deyil".
Sportnet.az xəbər verir ki, bunu "Qarabağ" klubunun kapitanı Bədavi Hüseynov deyib.
34 yaşlı mərkəz müdafiəçisi hələlik futbolla vidalaşmağı düşünmədiyini diqqətə çatdırıb: "Belə xəbərlərin haradan çıxdığını, məni niyə tez yola salmaq istədiklərini bilmirəm (gülür - red.). Mövsümün sonunda danışacağıq və gələcək üçün qərar qəbul edəcəyik".
Təcrübəli oyunçu "Qarabağ"dan başqa komandaya keçməsinin mümkünsüzlüyünü də dilə gətirib: "Hələ oynamaq istəyirəm, gücüm olduğunu hiss edirəm. Komandaya xeyir verə bilirəmsə, nəyə görə də karyeramı davam etdirməyim? Xeyr, özümü "Qarabağ"dan başqa komandada təsəvvür etmirəm. Ümidvaram ki, baş məşqçimiz belə bir söz deməyəcək".
Xatırladaq ki, Bədavi Hüseynov "Qarabağ"da 2012-ci ilin avqustundan çıxış edir. Daha əvvəl - 2011/2012 mövsümündə isə o, Azərbaycanda yalnız "Sumqayıt"ın formasını geyinib.
Haşım MƏMMƏDOV








































































