Azərbaycan millisinin futbolçusu Rüfət Abdullazadənin Xorvatiya "Varajdin"indəki komanda yoldaşı Tyerri Nevers narkotiklərin yayılmasında iştirak etdiyinə görə üç il həbs cəzasına məhkum edilib.
Sportnet.az "Daily Mail"ə istinadən xəbər verir ki, 23 yaşlı ingiltərəli sosial şəbəkələrdə öz cinayətkar fəaliyyəti ilə öyünərək, Instagram-da narkotik satışından bəhs edən rep-videolar paylaşıb.
Məhkəmənin bildirdiyinə görə, Nevers 50 yaşlı şəriki Allan Barrasla birlikdə Linkolnşir və Berkşir arasında mütəmadi səfərlər edərək kokain satışında iştirak edib. Hər iki şəxs narkotik tədarükü məqsədilə cinayətkar sövdələşmədə olduqlarını etiraf edib. Barras həmçinin kəsik ov tüfəngi saxlamaqda da günahını qəbul edib. Nəticədə Nevers üç il, onun şəriki isə on il həbs cəzası alıb.
Qeyd edək ki, İngiltərə və Yamayka vətəndaşlığı olan Tyerri Nevers “Ridinq” akademiyasının yetirməsidir. O, “Vest Ham”ın gənclər komandasında da çıxış edib və həbsiədək "Varajdin" formasını geyinib. Rüfət Abdullazadə isə onunla cari mövsümün əvvəlindən komanda yoldaşı olub.










































































