"Gərgin oyun keçdi. Ümumiyyətlə, çempionatımızda heç bir oyun rahat keçmir".
Sportnet.az xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov səfərdə "Şamaxı"ya 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının V tur matçından sonra mətbuat konfransında deyib.
43 yaşlı mütəxəssisin sözlərinə görə, hər iki komanda ilk dəqiqələrdən əzmkar oyun sərgiləyib: "Görüşün əvvəllərində hesabda irəli çıxdıq, birinci hissə bizim üçün uğurla başa çatdı. Fasilədə çox danışdıq ki, ikinci hissədə daha diqqətli olmalıyıq, çünki rəqib hesabda geridədir, daha fəal olacaq. Təəssüf ki, buraxdığımız ilk qol məhz rəqibin daha çox istifadə etdiyi hücumlardan biri nəticəsində vuruldu. Orada diqqətsizlik oldu və onlar fərqləndilər. Daha sonra isə penaltidən qol buraxdıq".
Sadıqov bildirib ki, "Zirə" hesabda geri düşdükdən sonra çox yaxşı oyun sərgiləyib və çoxlu qol epizodu yaradıb: "Bir oyunda belə epizodlar qolla nəticələnmirsə, qələbə müşkülə çevrilir. Bu qarşılaşmadan nəticələr çıxararaq, gələcək matçlara köklənəcəyik".
Baş məşqçinin fikrincə, mövsümün ilk yarısında üzləşdikləri itkilər də təsirsiz ötüşməyib: "Hücum xəttində birdən-birə 4 futbolçunu itirmişdik. Bu itkilər də qış fasiləsinədək bizi çox yordu, bir çox oyunda özünü büruzə verdi. Bu gün də 4 hücumameylli futbolçudan yararlana bilməməyimiz rotasiya imkanlarımıza və hücumu gücləndirməyimizə mane olurdu. Artıq bu oyunu tezliklə unudaraq, növbəti görüşə köklənməliyik".








































































