Azərbaycan II Liqasında XIII turun “Şəmkir” – “Quba” oyununda hakimlər briqadası təhqir olunub.
Sportnet.az xəbər verir ki, yerli komanda və azarkeşləri referi Ruslan Quliyev və köməkçilərinin idarəçiliyindən narazılıq edib.
Quliyev oyun zamanı "Şəmkir"in 5 futbolçusuna sarı vərəqə göstərib. Buna görə də AFFA İntizam Komitəsi qərb klubunu 70 manat cərimə edilib.
90+6-cı dəqiqədə “Şəmkir”in futbolçusu Fərid İslamzadə ikinci sarıdan qırmızı vərəqə alıb. İntizam Komitəsinin qərarına əsasən, İslamzadə növbəti oyunu buraxacaq, klubu isə 50 manat cərimə ödəyəcək.
90+7-ci dəqiqədə “Şəmkir” azarkeşləri hakimlərin ünvanına təhqiramiz ifadələr səsləndiriblər. Bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə “Şəmkir” 600 manat cərimələnib.
Oyun bitdikdən sonra “Şəmkir”in meneceri Taleh Əliyev və klubun digər rəsmisi Elçin Qurbanov hakimləri təhqir edib. Bu səbəbdən, Əliyev və Qurbanov növbəti 4 oyuna buraxılmayacaq, “Şəmkir” isə onların hər biri üçün 1000 manat cərimə ödəyəcək.
Qeyd edək ki, dekabrın 15-də Şəmkir Olimpiya İdman Kompleksinin stadionunda keçirilmiş görüş "Quba"nın qələbəsi ilə yekunlaşıb - 1:0.














































































