Qusar şəhərində yerləşən "Hill Park Hotel"də I Liqa təmsilçisi “Şahdağ Qusar” futbol klubu ilə “ISFA Green Life” şirkəti arasında baş sponsorluq müqaviləsinin imzalanmasına həsr olunmuş rəsmi mərasim keçirilib.
Sportnet.az xəbər verir ki, tədbirdə Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, Futbolun İnkişafı Fondu (FIF), AFFA və İSFA-nın rəhbər və məsul şəxsləri, “Şahdağ Qusar” futbol klubunun rəsmiləri, rayonun idman ictimaiyyətinin nümayəndələri və digər məsul şəxslər, sahibkarlar və media təmsilçiləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan FIF-in icraçı direktoru Tural Piriyev rayonda futbolun inkişafına göstərilən dəstəyə görə rayon rəhbərliyi başda olmaqla, bütün tərəfdaşlara təşəkkürünü bildirib. Klubun keçdiyi inkişaf yolu diqqətə çatdırılıb, rayonun futbol azarkeşlərinin komandaya daim sadiq qalaraq yüksək dəstək nümayiş etdirdikləri xüsusi vurğulanıb. Qeyd edilib ki, komanda uzun müddət öz doğma meydanında çıxış etməsə də, azarkeş dəstəyi hər zaman hiss olunub və bu dəstək komandanın daha böyük uğurlara doğru irəliləməsinə zəmin yaradıb.
Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov çıxışında tədbirin təşkilində əməyi olan bütün qurumlara minnətdarlığını ifadə edib. İcra başçısı son dövrdə rayonda idman sahəsində həyata keçirilən layihələr və görülən işlər barədə məlumat verib, rayon rəhbərliyi tərəfindən idmanın inkişafının bundan sonra da prioritet istiqamət kimi diqqətdə saxlanılacağını bildirib. Məmmədxanov Şövkət Orduxanov adına Qusar şəhər stadionunun Gənclər və İdman Nazirliyinin balansına verildiyini, stadionun əsaslı təmir işlərinə yaxın gələcəkdə başlanmasının planlaşdırıldığını qeyd edib. Rayon rəhbəri komandaya gələcək fəaliyyətində uğurlar arzulayıb, İSFA şirkəti ilə qurulan əməkdaşlığın klubun və rayonda futbolun inkişafına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib. Eyni zamanda, İSFA şirkətinin dəstəyi ilə rayonda həyata keçirilən sosial və infrastruktur yönümlü layihələr haqqında da məlumat verilib.
AFFA baş katibinin müavini Kamran Vəliyev və beynəlxalq dərəcəli hakim-inspektor, veteran futbolçu Asim Xudiyev imza atılmış əməkdaşlığın rayonun, ümumilikdə regionun idman ənənələrinin inkişafı və klubun gələcək perspektivlərinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini qeyd ediblər.
Tədbirdə çıxış edən İSFA şirkətinin direktoru Samir Xeyirbəyov və “Şahdağ Qusar”ın prezidenti Rahid Əmirquliyev qarşılıqlı etimad və tərəfdaşlıq prinsiplərinə əsaslanan əməkdaşlığın klubun inkişafına, idman nəticələrinin yüksəldilməsinə mühüm töhfələr verəcəyinə, qarşıya qoyulan məqsədlərə birgə səylərlə nail olunacağına inamlarını ifadə edib, yaradılan şərait və göstərilən dəstəyə görə Qusar Rayon İcra Hakimiyyətinin başçısına təşəkkürlərini bildiriblər.
Sonda “Şahdağ Qusar” Futbol Klubu ilə İSFA şirkəti arasında baş sponsorluq müqaviləsi rəsmi şəkildə imzalanıb.